Moskva Bakı ilə razılaşmanı pozdu: Zaxarovanın açıqlaması nəyə mesaj idi?

 

Azərbaycan Ukraynada müharibə başladığı ilk günlərdən buraya humanitar yardım göndərən ölkələr sırasındadır. İndiyə kimi bu barədə Rusiyanın hər hansı narazılığı, yaxud etirazı eşidilməyib.

Lakin Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın Bakıya diplomatik demarş elan etdiyini bildirib. Səbəbin Azərbaycan XİN-in Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsində keçirilən son “seçkilər”in heç bir qanuni qüvvəsinin olmamasına dair bəyanatı olduğu deyilib.

Ukraynanın ərazi bütövlüyünün rəsmi Bakı tərəfindən tanınmasında nə kimi risk ola bilər? Kremlin bu addımının səbəbi nədir?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Mətin Məmmədli bildirib ki, Rusiyanın bu yanaşmasının heç bir əsası yoxdur:

Ermənistan törətdiyi cinayətlərin məsuliyyətini daşımalıdır - Mətin Məmmədli

Mətin Məmmədli

“Azərbaycan digər dövlətlərlə münasibətində ilk növbədə beynəlxalq hüquq normalarına, həmçinin milli mənafeyinə uyğun olan müstəqil qərarlar verir. Beynəlxalq hüquq isə Rusiyanın istila etdiyi torpaqları Ukraynanın ərazisi olaraq qəbul edir. İşğalda olmasına baxmayaraq Krım, Donetsk, Luqansk Ukraynanın əraziləri olaraq tanınır. Bu baxımdan Azərbaycanın mövqeyi məntiqli və yerindədir.

Azərbaycanla Rusiya arasında 2022-ci ildə müttəfiqlik haqqında bəyannamə imzalandı. Orada yer alan bəndlərdən biri də tərəflərin qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıması ilə bağlıdır. Yəni Azərbaycan Rusiyanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə hörmət edir. Ona qarşı hər hansı təhdid halında müttəfiqlik haqqında bəyannaməyə uyğun olaraq öz mövqeyini ortaya qoya bilər. Necə ki, vaxtı ilə bunu etmişdi. O baxımdan Mariya Zaxarovanın açıqlaması doğru yanaşma deyil”.

Politoloq iddianın tam əksinə olaraq, Moskvanın Bakı ilə razılaşmaya sadiq qalmadığını deyib:

“Bu o demək deyil ki, Azərbaycan Rusiyanın atdığı hər addımı müdafiə etməlidir. Rusiya sabah başqa ölkənin ərazisinə daxil olub, torpaqlarını işğal etsə, Bakı Moskvanı müdafiə etməlidir? Düşünün ki, Azərbaycan başqa bir ölkənin ərazisini özünə ilhaq edir və tələb edir ki, Rusiya bu torpaqları Azərbaycanın ərazisi kimi tanısın. Rusiya belə bir addım atarmı? Yəni Zaxarovanın açıqlaması nə hüquqi, nə də siyasi əsası olan bir yanaşmadır.

Əksinə, Rusiya son zamanlar Azərbaycanla imzaladığı bəyannaməyə zidd addımlar atır. Belə ki, Qarabağda qondarma rejim tərəfindən keçirilən saxta seçkilər demək olar bütün beynəlxalq aktorlar tərəfindən pislənildi, bunun qanunsuz olduğu bildirildi. Maraqlıdır, yalnız Rusiya bununla bağlı bir mövqe ortaya qoymayıb. İndi də öz yanlış addımını əsaslandırmaq üçün belə bir mövqe sərgiləyir. Bu isə Azərbaycan tərəfindən qəbul edilə, ya da müstəqil xarici siyasətinə təsir göstərə bilməz”.

Ayşən Mustafa
Globalinfo.az