Ötən gün Moldovada keçirilən prezident seçkilərində Maya Sandunun qalib gəlməsi ölkədə bir çox ictimai fəalın narazılığına səbəb olub.
Prezidentliyə digər namizəd Aleksandr Stoyanoğlunun ölkədaxili səsvermədə öndə olması, lakin xaricdə toplanan səslərin nəticələri açıqlandıqdan sonra Sandunun irəli keçməsi ictimaiyyətin bəzi kəsimlərində birmənalı qarşılanmayıb. Stoyanoğlu xalqı nəticələrdən asılı olmayaraq sakitliyi qorumağa və dözümlu olmağa çağırıb.
Seçkilərdə “türk namizəd” adı ilə mübarizə aparan Aleksandr Stoyanoğlu kimdir?
Globalinfo.az xəbər verir ki, Moldovanın qaqauz türklərindən olan Stoyanoğlu 1967-ci ildə dünyaya gəlib.
O, 1992-ci ildə hüquq fakultəsini bitirib və Qaqauzyada prokuror işləyib. 2009-2014-cü illərdə Moldova Milli Məclisinin üzvü, 2019-cu ildə isə ölkənin baş prokuroru olub.
O, 2020-ci ildə Prezident Maya Sandunun əmri ilə vəzifəsindən uzaqlaşdırılıb. 2021-ci il 5 oktyabr tarixində korrupsiya ittihamı ilə həbs edilib. Sandunun təsis etdiyi hakim Fəaliyyət və Həmrəylik Partiyasının vitse-prezidenti Lilian Carp tərəfindən Stoyanoğluna qarşı ümumilikdə 5 cinayət işi açılıb. 2023-cü ildə isə Baş Prokuror vəzifəsindən rəsmi olaraq azad edilib. Elə həmin il Avropa İnsan Haqları Məhkəməsi Stoyanoğlu ilə bağlı istintaq prosesində haqsızlığa yol verildiyini açıqlayıb və ona 3600 avro təzminatın ödənməsinə qərar verib. O, 2024-cü ilin fevralında isə Kişinyov məhkəməsindən bəraət alıb.
Aleksandr Stoyanoğlu 2024-cü ildə Moldovada keçirilən prezident seçkilərində Sosialistlər Partiyasının dəstəyi ilə namizədliyini irəli sürüb. 20 oktyabrda keçirilən səsvermənin birinci tuturunda ikinci yerdə qərarlaşıb və növbəti tura keçmək üçün haqq qazanıb.
O, Moldovanın Avropa İttifaqına (Aİ) üzvlüyü üçün referendumun keçirilməsi çərçivəsində Konstitusiya dəyişikliyinin əleyhinə olduğunu açıqlayıb. Seçkiöncəsi çıxışlarında qalib gələcəyi zaman Aİ, ABŞ, Çin və Rusiya ilə balanslaşdırılmış siyasət yürüdəcəyini deyib. Həmçinin Ukraynaya dəstəyi davam etdirəcəyinə də söz verib.
Stoyanoğlunun kiçik qızının Almaniyada Avropa Mərkəzi Bankında işləməsi ölkədə müzakirələrə səbəb olub. O, məsələ ilə bağlı açıqlamasında hər bir moldovalı gəncin istədiyi ölkəyə getməkdə azad olduğunu bildirib.
Aleksandr Stoyanoğlu Qərb medisında Kişinyovda Avropayönümlü Sandu hökumətinə qarşı Rusiya tərəfindən dəstəklənən şəxs kimi təqdim olunur.
Ayşən Mustafa
Globalinfo.az