Metrodakı dəhşətli sıxlığın səbəbi budur – Açıqlama

Bakı metrosunda müşahidə olunan sıxlıq son vaxtlar sərnişinləri ən çox narahat edən məsələlərdən biridir. Xüsusən günün pik saatlarında yaranan vəziyyət stansiyalarda hərəkəti iflic edir. Bu isə insanların mənzil başına gecikməsinə səbəb olur.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, sıxlıqların qarşısının alınması üçün optimal texniki imkanlar səviyyəsində nə varsa, hamısı tətbiq olunur:

“Sözsüz ki, “Bakı Metropoliteni”ndə sıxlıq var. Lakin sentyabrın 15-dən bu günə qədər gücləndirilmiş iş rejimi şəraiti davam edir. Qatarların hərəkəti ən minimal intervalla təmin olunur. Bu, pik saatlarda “28 may”-“Həzi Aslanov” istiqamətində iki dəqiqəyə qədər interval deməkdir. Təəssüf ki, metropolitenin “qırmızı” və “yaşıl” xətləri “28 may” stansiyasında birləşir.  Bu səbəbdən də artıq “İçərişəhər”- “Dərnəgül” istiqamətində iki dəqiqəlik intervalı təmin etmək qeyri-mümkün olur. İnterval ən yaxşı halda 4 dəqiqədən az olmur”.

B.Məmmədovun sözlərinə görə, qatarların çatışmaması haqda deyilənlər əsassızdır:

“Əksinə, gün ərzində metropolitendə monitorinqlər aparılır və buna uyğun olaraq xəttə əlavə ehtiyat qatarlar buraxılır. Qatarların sayını artırsaq da, intervalları dəyişmək mümkün olmayacaq. Digər məsələ vaqonların sayı ilə bağlıdır. Metropolitenin “yaşıl”-“qırmızı” xətlərinin stansiyaları 5 vaqonluq qatarları qəbul edə bilir. 6-7-ci vaqonun qoşulması qeyri-mümkündür”.

Zaira Akifqızı
Globalinfo.az