“Maykada maşın sürərlər?” deyən polis işdən çıxarıldı – VİDEO

 

Bir müddət əvvəl sosial şəbəkələrdə görüntüləri yayılan, sürücü ilə mübahisə edən yol polisi əməkdaşları barədə tədbir görülüb.

Globalinfo.az bildirir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Modern.az-a deyib ki, sürücü ilə arasında yaranan mübahisəyə görə inspektor Malik Qasımov və polis kapitanı Elnur İsgəndərov cəzalandırılıblar.

Müvafiq əmrlə M.Qasımov işdən çıxarılaraq sərəncama götürülüb, E.İsgəndərova isə şiddətli töhmət elan edilib.

“İstər vətəndaş, istərsə də polis əməkdaşı etdiyi əmələ görə qanun qarşısında cavab verməlidir. Heç kəs qanunun aliliyi prinsipini unutmamalıdır”, – DYP rəsmisi əlavə edib.

Qeyd edək ki, məlum videoda özünü təqdim edən inspektor Malik Qasımov sürücünü çəkiliş etməkdə günahlandırıb, ondan kameranı söndürməsini, maşından düşərək söhbət etməyi tələb edib. Polis zabiti vətəndaşa “Düş, söhbət edək, maykada maşın sürərlər?”, – kimi sözlər deyib.