1775844153 WhatsApp Image 2026 04 10 at 22.02.08 4

Aprelin 12-də Macarıstanda keçirilən parlament seçkiləri ölkənin siyasi mənzərəsində ciddi dəyişiklik yaradıb. Səslərin böyük hissəsi sayıldıqdan sonra müxalif “Tisa” partiyasının qələbəsi və uzun illər hakimiyyətdə olan Viktor Orbanın rəhbərlik etdiyi “Fidesz” partiyasının məğlubiyyəti artıq əsas müzakirə mövzusuna çevrilib.

Azərbaycan – Macarıstan münasibətlərinin gələcəyi, eləcə də onun Türk Dövlətləri Təşkilatındakı (TDT) iştirakçılığı məsələsi diqqət mərkəzindədir.

Globalinfo.az xəbər verir ki, Milli Məclisin Azərbaycan – Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Cavanşir Feyziyev bu məsələlərlə bağlı Modern.az-a açıqlama verib.

Deputat saytımıza açıqlamasında bildirib ki, yeni liderin seçilməsi ilə qarşıdakı illərdə Macarıstanda çox dəyişikliklər gözlənilir:

“Macarıstanda keçirilən parlament seçkilərinin nəticəsi gözlənilən idi. Hakimiyyətdə olduğu 16 il ərzində Orban höküməti əsasən qeyri-populyar və sərt siyasət həyata keçirib. Onun Avropa İttifaqına qarşı tələbkarlığı heç də ölkədə bütün siyasi qüvvələri qane etmirdi. Rusiya-Ukrayna müharibəsinə münasibətdə də seçicilər hökümətin apardığı siyasətdən narazı idi. Hətta Ukraynada yaşayan macarlar da Orban hökümətini Rusiyaya dəstək verməkdə günahlandırırdı. Odur ki, aparıcı müxalifət partiyası seçkilərdə sadəcə səs çoxluğu ilə deyil, parlamentdə konstitusion çoxluq əldə etməklə qalib gəldi. Bu çox böyük qələbədir və belə bir nəticə iqtidara gələn yeni siyasi qüvvəyə istədiyi bütün dəyişiklikləri asanlıqla həyata keçirməyə imkan yaradır. Çox güman ki, qarşıdakı illərdə Macarıstanda çox dəyişikliklər olacaq. Lakin Macarıstan-Azərbaycan münasibətlərinə hər hansı zərər gələcəyini ehtimal etmirəm. Ölkələrimiz arasındakı mövcud münasibətlər həm Macarıstanın və həm də Azərbaycanın maraqlarını ən etibarlı və ədalətli şəkildə təmin edir. Odur ki, bu münasibətlərə mane olmaq yox, onları daha da inkişaf etdirmək hər iki tərəf üçün çox faydalı və səmərəli olacaq”.

 

 

Paylaş: