Dost ölkədən gözlənilməz addım – Ramil Səfərovdan 11 il sonra…

“Macarıstanın xarici işlər naziri Peter Siyartonun İrəvanda erməni həmkarı Ararat Mirzoyanla mətbuat konfransında söylədikləri diqqət mərkəzindədir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Macarıstan xarici siyasətdə şaxələnməyə üstünlük verir, Türkiyə və Azərbaycan sıx tərəfdaşlığına rəğmən, Ermənistanla da əməkdaşlıq etmək istəyir:

“Birincisi, macar nazir deyib ki, ölkəsi Ermənistanda səfirliklə yanaşı konsulluq xidməti də açacaq.

İkincisi, macar nazir təmsil etdiyi hakimiyyətin Macarıstanın erməni icmasına 13 il ərzində büdcədən maliyyələşməni 4 dəfə artırdığını vurğulayıb.

Üçüncüsü, Macarıstanın “Vizzair” aviadaşıyıcısı İrəvan-Budapeşt reysini açacaq.

Dördüncüsü, Macarıstan Ermənistanın 30 tələbəsinə təqaüd ayıracaq.

Beşincisi, macar nazir deyib ki, Macarıstan Qarabağı tərk edən ermənilərə 110 min dollar civarında maliyyə dəstəyi ayıracaq.

Macarıstanın xarici işlər naziri bütün bunların yekunu olaraq iki ölkə arasında münasibətlərin inkişafı üçün “xristianlıq amilinin əsas” olacağını deyib.

Bu, Macarıstanın hüququdur. Ancaq macar nazirin İrəvanda bəyan etdikləri Macarıstanın Ermənistanla əməkdaşlığı daha üst səviyyəyə qaldırmaq marağından irəli gəlir.

Elxan Şahinoğlu

Macarıstan 2012-ci ildə zabitimiz Ramil Səfərovu Azərbaycana ekstradisiya etdikdən sonra Ermənistan bu ölkə ilə diplomatik münasibətləri dondurdu. Ermənistan üstündən 11 il keçdikdən sonra bu ilin mayında Macarıstana səfir təyin edib. Macarıstanın baş naziri Viktor Orban ölkəsini türk dünyasının üzvü kimi qiymətləndirir. Doğrudur, bu məsələdə Orban praqmatik maraqlardan çıxış edir: Macarıstan Azərbaycanın və Mərkəzi Asiyanın enerji imkanlarından faydalanır, regional layihələrdə yer almaq istəyir.

Maracıstanın xarici işlər naziri Ermənistanda konsulluq açılacağının anonsunu verib, ancaq yeri barədə məlumat verməyib. Əgər Macarıstan İran, Rusiya və Fransa kimi konsulluq xidmətini Qərbi Zəngəzurda açmağa qərar verərsə, bu, Budapeştin Azərbaycana yönəlik xoşagəlməz addımı olacaq”.

Turan Rzayev
Globalinfo.az