Laçının daha 81 sakininə evlərin açarları təqdim olundu – FOTO / VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Noyabrın 22-də növbəti köç karvanı ilə Laçına çatan ailələrə evlərinin açarları təqdim olunub.

Globalinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Laçın şəhəri bu gün 21 ailəyə qucaq açıb və daha 81 laçınlının yurd həsrəti bitib.

Otuz bir ildən sonra yenidən Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra keçirilən açarların təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya departamentinin direktoru Natiq Hüseynov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Hüseyn Quliyev, “Laçın Abadlıq Xidməti” ASC-nin direktor müavini Elnur Abdullayev və “Bakı Abadlıq Xidməti” MMC-nin direktor müavini Nəsimi Əsədov iştirak ediblər. Ailələr sevinc hissi ilə açarları təhvil alıb.

Bununla da Laçın şəhərində 346 ailə, yəni, 1326 nəfərin daimi məskunlaşması təmin olunub.

Qeyd edək ki, köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

***08:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Noyabrın 22-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə – 81 nəfər köçürülür.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 346 ailə, yəni 1 326 nəfərin daimi məskunlaşması təmin edilib.