Laçında tikilən evlərdə niyə problem yaranıb? – Deputat açıqladı

Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə Laçın rayonunda yeni tikilən bəzi evlərdəki çatışmazlıqlar ciddi müzakirələrə səbəb olur. Həmin evlərin keyfiyyətsiz olduğu bildirilir. Maraqlıdır, doğrudanmı Laçındakı evlərdə çatışmazlıqlar deyildiyi qədərdir?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı, əslən Laçın rayonundan olan Mahir Abbaszadə deyib ki, sosial şəbəkələrdə Laçın rayon mərkəzində evlərdə nöqsan olması ilə bağlı görüntülər yayılır.

Onun sözlərinə görə, həmin görüntülərin əksəriyyəti həqiqəti əks etdirmir:

“Bu videolar sanki Azərbaycanı gözü götürməyən şəxslərin Böyük Qayıdış proqramına olan reaksiyasıdır. Amma bəzi evlərdə çatışmazlıqlar var idi. Prezidentin Laçın rayon üzrə nümayəndəliyinin müdaxiləsi və burada fəaliyyət göstərən şirkətlərin adekvat münasibəti nəticəsində çatışmazlıqlar aradan qaldırılmaqdadır. Nəzərinizə çatdırım ki, bu gün işğaldan azad olunan ərazilərdə bərpa quruculuq prosesləri aparmaq, tikinti proseslərini idarə etmək olduqca çətindir. Çünki burada heç bir infrastruktur, iaşə obyektləri yox idi. Amma buna baxmayaraq, Azərbaycan dövlətinin gücü sayəsində bütün bu problemlər aradan qaldırılmaqda davam edir. Aparılan işlər nəticəsində bütün yaranan nöqsanların da tez bir zamanda aradan qaldırılması təmin ediləcəkdir”.

Mahir Abbaszadə

Deputat deyib ki, Azərbaycan İkinci Qarabağ savaşından sonra artıq yeni reallıqlarla üz-üzədir:

“Yeni reallıqlar təbii ki, işğaldan azad olunan ərazilərdə bərpa quruculuq proseslərinin həyata keçirilməsi, dağılmış iqtisadiyyatın bərpa edilməsi, bu ərazilərdən uzun müddət məcburi köçkün düşmüş insanların öz ata-baba yurdlarına qaytarılması və burada həmin insanların həm dayanıqlı, həm də daimi yaşamasını təmin etməklə bağlıdır. Prezident İlham Əliyevin sərəncamına əsasən, 2022-2026-cı illər sosial-iqtisadi inkişaf və Böyük Qayıdış proqramının həyata keçirilməsi ilə bağlı dövlət proqramı qəbul edilib. Həmin proqrama əsasən Laçın rayonunda da bərpa quruculuq prosesləri sürətlə həyata keçirilir. Prezident Laçına səfəri zamanı quruculuq işlərinin həyata keçirilməsi ilə bağlı ciddi tapşırıqlar verdi və bu tapşırıqlara uyğun olaraq artıq Laçın rayonunda ciddi işlər görülməkdədir. Nəzərinizə çatdırım ki, bu günə qədər Laçın rayonuna 350-ə dək ailənin köçürülməsi təmin edilib, təxmini 100-ə yaxın ailə Zabux kəndinə köçürülüb və bu proses sürətlə davam etmektedir. Bundan başqa, şəhər mərkəzində evlərin bərpası, küçələrin salınması, mədəniyyət abidələrinin bərpası və yenilərinin tikilib istifadəyə verilməsi, hava limanının tikintisi və bir çox işlər sürətlə davam edir”.

Bir neçə gün öncə Laçın rayonuna səfər edən yazıçı, şair, Globalinfo.az saytının baş redaktoru Aqşin Evren deyib ki, yayılan görüntülərlə bağlı araşdırma aparılmalıdır:

Aqşin Evrən

“İlk olaraq qeyd edim ki, Laçının təbiətinin, yerləşdiyi mövqeyin bu qədər möhtəşəm olduğunu bilmirdim. Laçın ən azı Şuşa qədər gözəldir. Xüsusən işğaldan azad edildikdən sonra yenidən dizayn edilən Laçınla bağlı dostlar birmənalı fikir söylədilər: “Bura Norveçin kəndlərinə bənzəyir”. O ki qaldı son vaxtlar Laçınla bağlı səsləndirilən neqativ fikirlərə, düşünürəm ki, bu istiqamətdə araşdırma aparılmalıdır. Şəxsən mən orada bir evdə qonaq oldum, bəzi sakinlərlə söhbətləşdim, hamısı doğma yurdlarına qayıtmaqdan, şəraitlərindən razılıq etdilər. Lakin əgər hansısa evlərdə neqativ halların olduğu deyilirsə, bununla bağlı iş başladılmalıdır. Laçın könüldən olmasa da, gözdən iraq yerdir. Mümkündür ki, müəyyən yerlərdə tikinti zamanı hansısa səhlənkarlığa yol verilsin. Prezident, ya da hansısa yüksəkvəzifəli şəxs gedib orda tikintiyə nəzarət etməli deyil ki. Azərbaycan 21-ci əsr dünyasında ən böyük qələbəni qazanıb. İmkan verməyək ki, bəzi neqativ hallar bu tarixi zəfərə kölgə salsın. Problemləri birlikdə, əl-ələ verərək həll etməliyik”.

Zaira Akifqızı
Globalinfo.az