Laçın-Xankəndi yolunda keçirilən aksiyanı bitirən 3 mühüm səbəb

Xəbər verdiyimiz kimi Laçın-Xankəndi yolunda, Şuşa yaxınlığında keçirilən aksiya dünən saat 18:00-dan etibarən dayandırıldı. Diqqətçəkən məqam isə aksiyanın tam deyil, müvəqqəti olaraq dayandırılmasıdır. Yəni bu, aksiyaların yenidən başlaya biləcəyini göstərir.

Maraqlıdır, indiki məqamda aksiyalar öz məqsədinə çatdı? Aksiyaların dayandırılması doğru bir qərardır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Laçın-Xankəndi yolunda etirazın müvəqqəti dayandırılması doğru qərardır:

Elxan Şahinoğlu

“Məsələ ondadır ki, Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi yaradıldı. Bu hadisədən sonra etiraz aksiyasının davamına ehtiyac qalmırdı.

Hesab edirəm etirazlar müvəqqəti yekunlaşsa da ölkəmiz üçün kifayət qədər ciddi faydaları oldu:

Birincisi, erməni separatçılarının və İrəvanın bölgədə yerləşən Rusiya hərbi kontingentinə olan böyük ümidləri puça çevrildi. Real yanaşsaq, separatçılar ümid edirdilər ki, rusiyalı hərbçilər etirazı ilk gündən dayandıracaqlar. Lakin bu baş vermədi.

Çünki Rusiya hərbi kontingenti Azərbaycan vətəndaşları ilə qarşıdurmaya gedə bilməzdi. Bu istiqamətdə Kremldən konkret təlimatın gəldiyini də demək olar.

İkincisi, etiraz başladıqdan sonra ermənilər yataqlarımızda istismar etdikləri zənginlikləri artıq istədikləri kimi Ermənistana daşıya bilmirdilər. Əlbəttə, Rusiyanın nəqliyyat vasitələrində gizli daşınma davam edə bilərdi, ancaq əvvəlki həcmdə daşımaq ermənilər üçün riskli idi.

Üçüncüsü, gənclərin yoldakı etirazı Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin yaradılmasını aktuallaşdırdı və buna nail olundu”.

Turan Rzayev
Globalinfo.az