“2020-ci ildə Azərbaycan möhtəşəm qələbə qazanaraq Qarabağı erməni işğalından azad etdi. Həmin ilin 1 dekabr tarixində isə Laçın işğaldan tamamilə azad edildi. Bundan sonra hər bir laçınlının həyatında olduqca yadda qalan günlər başladı”.
Bu sözləri Globalinfo.az-a Milli Məclisin deputatı Mahir Abbaszadə Laçının işğaldan azad olunması ilə bağlı danışarkən deyib.
Bildirib ki, Azərbaycan dövlətinin gücü sayəsində Laçında bərpa-quruculuq proseslərinə start verildi:
“2022-2026-cı il dövlət proqramına uyğun olaraq bərpa işləri sürətlə aparılır. Xüsusilə 2022-ci ilin avqust ayında cənab prezidentin Laçın şəhərinə səfər etməsi, burada Azərbaycan Respublikasının üçrəngli bayrağını ucaltması, həm düşmənə, həm də Azərbaycan xalqına verdiyi mesajlar Laçın rayonu ilə bağlı tarixi hadisə kimi qiymətləndirilməlidir.
Torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan dövləti bu ərazilərdə kifayət qədər bərpa işlərini həyata keçirib və keçirməkdədir. Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva ilə Laçın rayonuna dəfələrlə səfər ediblər, açılış mərasimlərində iştirak qatılıblar, laçınlılarla görüşlər keçiriblər”.
Mahir Abbaszadə
Deputat deyib ki, ermənilər 28 il işğal müddətində Laçını darmadağın etmiş, burada qeyri-qanuni məskunlaşma həyata keçirmişlər, oranı tərk edən zaman isə yaşadıqları evləri yandırıblar:
“Bu gün Azərbaycan dövlətinin maliyyə, iqtisadi, siyasi gücünün, iradəsinin sayəsində Laçınımız gündən-günə gözəlləşməkdədir. Laçına köç prosesi sürətlə davam edir. Az bir müddət ərzində Azərbaycan dövləti tərəfindən Laçın rayon mərkəzinə 363, Zabux kəndinə isə 121 ailənin köçürülməsi və bu prosesin sürətlə davam etdirilməsi onu göstərir ki, biz Laçın rayonunun simasını tamamilə dəyişmişik. İşğal nəticəsində bu rayondan məcburi köçkün düşmüş insanlar artıq öz ata-baba yurdlarına qayıdıblar. 2024-cü ilin əvvəllərinə kimi Güləbird, Şəlvə və Qorçu kəndinin quruculuq işləri başlayacaq ki, həmin ilin sonunadək də sözügedən ərazilərdən məcburi köçkün düşmüş insanlar ata-baba yurdlarına qayıdacaqlar. Dövlət rayona köçən əhalinin iqtisadi və sosial vəziyyətini yaxşılaşdırmaq, iqtisadi imkanlarını artırmaq, sosial müdafiəsini həyata keçirməklə bağlı sürətli işlər aparmaqdadır”.
M.Abbaszadə Laçında tikiləcək hava limanı haqda da danışıb:
“Laçın rayonunda tikintisi sürətlə həyata keçirilən hava limanı 2025-ci ilin sonuna qədər istifadəyə veriləcək. O zaman digər rayonlara gediş-gəliş asanlaşmış olacaq. Loqistik və iqtisadi imkanları inkişaf etdirmək baxımından bu, çox vacib məqamdır. Biz 2020-ci ildə bir güllə də atılmadan Laçın rayonunun işğaldan azad edilməsini böyük qürurla xatırlayırıq və bütün laçınlılar Prezident İlham Əliyevə öz təşəkkürümüzü bildirir. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan qardaşlarımıza Allahdan rəhmət, qazilərimizə isə can sağlığı arzu edirik! Allah Azərbaycan Ordusunu qorusun və bundan sonrakı illərdə Laçın rayonunu qurmaq, yaratmaq, inkişaf etdirmək dövlətimiz sayəsində ən yüksək səviyyədə həyata keçiriləcək!
Zaira Akifqızı
Globalinfo.az