Laçın dəhlizində əslində nə baş verdi? Politoloqdan şərh

Ermənilər Azərbaycanın Laçın dəhlizini bağladığı, Qarabağdakı erməni əhali üçün “həyati əhəmiyyət” kəsb edən yolun qarşısını kəsdiyi yöndə kampaniya aparır. Onlar bununla göstərmək istəyirlər ki, “Qarabağdakı erməni əhali Azərbaycanın tərkibində yaşaya bilməz”, “separatçı-terrorçu rejim, eyni zamanda, onları müdafiə edən tərəflər olmasa, erməni əhalisi çətin vəziyyətdə qalacaq”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı deyib.

O bildirib ki, Azərbaycanın ümumiyyətlə, Laçın dəhlizini bağlamaq planı yoxdur:

“Bakının tələbi budur ki, humanitar məqsədlər üçün nəzərdə tutulan yoldan təxribat və hərbi məqsədlər üçün istifadə edilməsin. Son olaraq, Sarıbaba yüksəkliyinə basdırılan minaların Laçın dəhlizindən gətirilməsi, o cümlədən, İran vətəndaşlarının Qarabağa qeyri-qanuni olaraq keçidinə icazə verildiyinə dair məlumatlar da bunun zəruriliyini bir daha ortaya çıxardı. Bu gün Xankəndi-Gorus yolunda baş verənlər də Azərbaycanın öz suveren ərazilərində hərəkət etməsidir. Son məlumatlara görə, azərbaycanlı mütəxəssislər Xankəndiyə yollanıblar. Orada Qarabağ iqtisadi rayonunda ekoloji monitorinqin təşkili ilə bağlı müzakirələr aparılacaq”.

Politoloqun sözlərinə görə, bu, Azərbaycanın Qarabağ iqtisadi rayonunda ekoloji monitorinqlərə start verməsi deməkdir: “Azərbaycan öz suveren ərazisində istədiyi addımı ata biləcəyini nümayiş etdirir. Bu, həm də Bakının sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə ekoloji monitorinq üzərindən daxil olması deməkdir. Artıq proses başlayıb və şübhəsiz ki, davamlı olacaq”.

Zaira Akifqızı
Globalinfo.az