KTMT qürub edir, yeni hərbi pakt doğulur – Politoloq

“Rusiya bu 30 ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) regional müstəvidə inkişaf etdirə bilmədi. Üstəlik, təşkilat daxilində ziddiyyətlər yaradaraq üzv ölkələrə qarşı təzyiqlər reallaşdırdı. Bu təşkilatın vaxtilə üzvü olan Azərbaycan və Özbəkistan qurumu tərk etdilər. Artıq Rusiyanın strateji müttəfiqi olan Ermənistandan da bu təşkilatdan çıxmaq barədə üçün çağırışlar edilir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazədə deyib.

Onun sözlərinə görə, Ermənistanda keçiriləcək KTMT toplantısı, sadəcə, görüntü xarakteri daşıyacaq:

“Rusiyanın Ukraynada hərbi-siyasi məğlubiyyəti nəticəsində KTMT-nin yaxın perspektivdə dağılması mümkündür. Bundan əlavə, Rusiyanın üzv ölkələrə qarşı siyasi təzyiqləri də bu təşkilat daxilində parçalanmaya gətirəcək. Demək olar ki, KTMT Rusiya və Belarusdan ibarət olacaq bir təşkilat səviyyəsinə enəcək. Halbuki Rusiya KTMT-ni yaratmaqla Varşava Müqaviləsi Təşkilatına bənzər qurum ərsəyə gətirib, NATO-ya alternativ formalaşdıracaqdı. Amma Rusiyanın Azərbaycana qarşı Ermənistanın əli ilə vəkalət müharibəsi aparması, Gürcüstan və Moldovada separtizmi alovlandırması KTMT-nin inkişaf etməməsinə gətirib çıxardı. Rusiya yaratdığı təşkilata mismarı özü vurdu.

Qeyd edim ki, Mərkəzi Asiya ölkələri, xüsusilə KTMT üzvü olan Qazaxıstan və Qırğızıstan Türkiyənin orbitinə yaxınlaşır. Türk Dövlətləri Təşkilatına üzv ölkələr olan Qazaxıstan, Qırğızıstan həmçinin KTMT üzvüdür. Türkiyənin bu təşkilatı inkişaf etdirməsi və onun daxilində yeni hərbi pakt təsis etməsi gözlənilir. Belə olan təqdirdə KTMT-nin Mərkəzi Asiyada rolu daha da zəifləyəcək. Rusiyanın Qərb cəbhəsində qürubu KTMT-ni də özü ilə aparır”.

Turan Rzayev
Globalinfo.az