Azərbaycanda kredit faizləri, o cümlədən ipoteka kreditlərinin şərtləri hələ də yüksək olaraq qalır. Bu isə həm vətəndaşların mənzil alma imkanlarını çətinləşdirir, həm də sahibkarların maliyyə resurslarına çıxışını məhdudlaşdırır. Ekspertlər bildirirlər ki, faiz dərəcələrinin yüksək olması maliyyə bazarındakı risklər və rəqabətin zəifliyi ilə bağlıdır.
Bəs kredit və ipoteka faizlərinin bu qədər yüksək qalmasının əsas səbəbi nədir və onları azaltmaq mümkündürmü?
Globalinfo.az-a danışan iqtisadçı Kənan Quluzadə deyib ki, bankların əsas gəlir mənbəyi kreditlərdir.
Onun sözlərinə görə, Azərbaycanda kapital bazarı (fond bazarı, istiqraz, səhmlər və s.) kifayət qədər inkişaf etmədiyi üçün banklar risklərini yalnız faiz dərəcələri üzərində kompensasiya edirlər:
“Risklərin yüksək qiymətləndirilməsi, iqtisadi qeyri-müəyyənliklər, borcalanların gəlirlərinin qeyri-sabit olması və girov bazarının zəif inkişafı bankları yüksək faiz saxlamağa vadar edir. Bununla yanaşı, bank sektorunda konsentrasiya müşahidə olunur. Çoxsaylı bank olsa da, iri oyunçular bazarı idarə edir. Bu isə rəqabətin məhdudlaşmasına və nəticədə faizlərin yüksək qalmasına səbəb olur. Xarici bankların bazara məhdud girişi və alternativ maliyyə mənbələrinin (mikrofinans, kredit ittifaqları və “fintech” şirkətləri) hələ də zəif inkişaf etməsi faizlərin azalmasına mane olur”.
Kənan Quluzadə
Kənan Quluzadə bildirib ki, Mərkəzi Bankın siyasəti də bu prosesə təsir edir:
“İllik inflyasiya və manatın sabitliyi fonunda Mərkəzi Bank likvidliyi ehtiyatla idarə edir ki, bu da bankların resurslarının qiymətinə təsir göstərir. Depozit faizlərinin yüksək olması (məsələn, 7-9%) kreditlərə də yansıyır. Çünki banklar risk və gəlir balansını qorumaq üçün kredit faizlərini yüksək saxlayırlar. Dövlət xətti ilə verilən İpoteka və Kredit Zəmanət Fondunun kreditləri nisbətən aşağı faizlidir (4-8%), lakin onların həcmi məhduddur. Bazar şərtləri ilə verilən ipotekalar isə yüksək faizlidir (10-14%). Ona görə ki, banklar uzunmüddətli riskləri öz üzərlərinə götürmək istəmir. Bu istiqamətdə dövlət dəstəyi, İpoteka Fondunun resurslarının artırılması və güzəştli kredit mexanizmlərinin genişləndirilməsi ipoteka faizlərini endirə bilər”.
İqtisadçı son olaraq əlavə edib ki, burada makroiqtisadi sabitlik də rol oynayır:
“Belə ki, inflyasiya azaldıqca və manat stabilləşdikcə, bankların risk ehtiyatları da azalacaq və bu, faizlərin aşağı düşməsinə təsir göstərəcək”.
Zaira Akifqızı
Globalinfo.az














