Ermənistanın keçmiş prezidenti Robert Köçəryan lideri olduğu Hayastan Partiyasının baş nazirliyə namizədi olub. Köçəryan martın 16-da blokun tədbirindəki çıxışında hər il Ermənistanda 45 min yeni iş yeri yaradacağını vəd edib.
O, tərəfdarlarına müraciətində vurğulayıb ki, təhlükəsizlik Ermənistanın qarşıdakı illərdə əsas prioritetlərindən biri olaraq qalacaq. Körçəyanın sözlərinə görə, buna nail olmaq üçün ölkənin döyüşə hazır orduya, güclü liderə və etibarlı müttəfiqə ehtiyac var. O, həmçinin Azərbaycanla sülhə üstünlük verdiyini, ancaq bunun üçün aydın təhlükəsizlik zəmanətinə ehtiyac olduğunu söyləyib.
Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın baş nazirliyə namizəd kimi irəli çıxması ölkədə radikal siyasi xəttin yenidən aktivləşdiyini göstərir:
“Onun səsləndirdiyi iqtisadi və təhlükəsizlik tezisləri isə daha çox daxili auditoriyaya hesablanmış populist ritorika xarakteri daşıyır və mövcud regional reallıqlarla heç bir halda uzlaşmır. Təbii ki, onun hər il 45 min yeni iş yerinin yaradılması ilə bağlı vədi də Ermənistanın iqtisadi imkanları ilə uyğun gəlmir. Ölkə uzun illərdir ki, məhdud investisiya mühiti, zəif sənaye bazası və regional layihələrdən kənarda qalma kimi struktur problemlərlə üz-üzədir.
Bu şəraitdə davamlı iqtisadi artım yalnız regionda kommunikasiyaların açılması, tranzit imkanlarının reallaşdırılması və Azərbaycanla münasibətlərin normallaşdırılması hesabına mümkündür. Əks halda, bu cür vədlər real iqtisadi strategiya deyil, siyasi ritorika kimi qiymətləndirilə bilər. Təhlükəsizlik məsələsində irəli sürülən “güclü ordu” və “etibarlı müttəfiq” tezisləri də keçmişin iflasa uğramış yanaşmasının davamıdır”.

Aytən Qurbanova
Politoloq bildirib ki, 44 günlük müharibədən sonra formalaşmış yeni güc balansı hərbi eskalasiyanın Ermənistan üçün nə təhlükəsizlik, nə də inkişaf təmin etdiyini göstərir:
“Müasir mərhələdə təhlükəsizlik anlayışı daha çox siyasi dialoq, iqtisadi əməkdaşlıq və qarşılıqlı asılılıq üzərində qurulmalıdır. Həmçinin Köçəryanın sülhə dair mövqeyi də ziddiyyətlidir. Bir tərəfdən sülhə üstünlük verdiyini bəyan etməsi, digər tərəfdən isə prosesi qeyri-müəyyən “təhlükəsizlik zəmanətləri” ilə şərtləndirməsi faktiki olaraq danışıqların uzadılmasına xidmət edir. Halbuki Azərbaycanın bu məsələdə mövqeyi konkret və prinsipial şəkildə ifadə olunub.
Sülh yalnız beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında mümkün ola bilər. Bu çərçivədən kənar əlavə şərtlər isə regionda sabitliyin formalaşmasına maneə yaradır. Nəticə etibarilə, Köçəryanın çıxışı Ermənistan daxilində bəzi siyasi qüvvələrin hələ də yeni regional reallıqları qəbul etmədiyini və köhnə yanaşmalara üstünlük verdiyini nümayiş etdirir. Bu isə göstərir ki, sülh prosesi yalnız bəyanatlarla deyil, konkret siyasi iradə və hüquqa əsaslanan addımlarla irəliləyə bilər”.
Turan Rzayev
Globalinfo.az