Kişinyovda bir sənəd imzalanacaq, lakin bu… – Politoloq proqnoz verdi

Nikol Paşinyan deyib ki, Ermənistan və Azərbaycan iyunun 1-də Kişinyovda Avropa İttifaqı Şurasının prezidenti, Fransa prezidenti və Almaniya kanslerinin iştirakı ilə beştərəfli görüşdə imzalana biləcək sülh sazişi layihəsi üzrə razılığa gəlməyib.

Görüşə qısa bir zaman qala və müqavilənin imzalanmasına ümidlərin artdığı bir zamanda belə bir açıqlamanın verilməsi diqqət çəkir.

Maraqlıdır, Kişinyovda sülh sazişi imzalanmayacaqsa, prosesin axırı necə olacaq? Rəsmi Bakı sülh müqaviləsini imzalamaq üçün sülhə məcburetmə əməliyyatlarına başlaya bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən politoloq Yeganə Hacıyeva deyib ki, iyunun 1-də Kişinyovda sülh sazişinin imzalanacağına dair aparılan təbliğat yanlışdır:

Yeganə Hacıyeva

“Məsələ ondadır ki, sülh sazişinin imzalanması üçün yetərincə addım atılmayıb. Daha doğrusu, həllini gözləyən bir çox məsələ var. Misal üçün, Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası yekunlaşmayıb. Bundan başqa Zəngəzur dəhlizi başda olmaqla kommunikasiyaların bərpası, təhlükəsizlik məsələləri və 10 Noyabr bəyanatının 4-cü bəndi həllini gözləyən məsələlərdəndir.

Buna görə də hesab edirəm ki, Kişinyovda sülh sazişi imzalanmayacaq. Bunun üçün hələ çox tezdir. Qeyd etdiyim məsələlər mütləq həllini tapmalıdır”.

Politoloq hesab edir ki, Kişinyovda bir sənəd imzalanacaq, lakin bu sülh sənədi olmayacaq:

“Moskva görüşündə də bəzi sənədlərin imzalanması gözlənilirdi, lakin biz bunun şahidi olmadıq. Hesab edirəm, Kişinyov görüşü zamanı tərəflər arasında müəyyən sənədlər imzalana bilər. Məsələ ondadır ki, Ermənistan tərəfi Avropa İttifaqı ilə razılığa gəlib ki, hər görüş zamanı kiçik də olsa nailiyyət əldə edilsin.

Buna görə də Aİ rəsmi İrəvandan mütləq şəkildə nə isə gözləyir. Kişinyov görüşündə də sərhədlərin delimitasiyasi və demarkasiya ilə bağlı işçi qrupunun yaradılmasına dair bir razılıq əldə edilə bilər”.

Turan Rzayev
Globalinfo.az