Kərim Vəliyevi ABŞ-yə aparan səbəblər: Antiterror əməliyyatı, İrana qarşı birgə əməkdaşlıq…

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarında səfərdədir. Səfər çərçivəsində General-polkovnik Kərim Vəliyev ABŞ-nin Birləşmiş Qərargahlar Rəisləri Komitəsi rəisinin birinci müavini admiral Kristofer Qreydi ilə görüşüb. Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Səfərin diqqətçəkən başlıca məqamı isə şübhəsiz müdafiə naziri Zakir Həsənovun səfərdə iştirak etməməsidir.

Maraqlıdır, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin indiki məqamda ABŞ-yə səfərinin məqsədi nədir?

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən politoloq İlqar Vəlizadə deyib ki, Azərbaycan ilə ABŞ arasında hərbi sahədə əməkdaşlıq günü-gündən inkişaf edir:

“Ötən illər ərzində ABŞ Azərbaycana istər hərbi, istərsə də digər sahələrdə 100 milyon dollara yaxın yardım edib. Göründüyü kimi, bu, heç də kiçik bir məbləğ deyil.

Vaşinqtonun Bakıya yardım etməsi təsadüfi deyil. Belə ki, ABŞ Cənubi Qafqaz ilə yaxından maraqlanır və regional maraqları çərçivəsində etibarlı tərəfdaş olan Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır. Digər tərəfdən, son zamanlar İranın qeyri-müəyyən regional siyasəti, Azərbaycan ilə münasibəti gərginləşdirməsi Vaşinqtonun diqqətindən yayınmayıb. İstənilən halda Tehranın bu cür xarici siyasət yeritməsi Vaşinqtonun regional maraqlarına təhlükə yaradır. Bu həm də ABŞ-Azərbaycan ortaq maraqları üçün də ciddi təhdiddir.

İndiki məqamda hər iki ölkənin koordinasiyalı hərəkət etməsinə ehtiyac var. Bu mənada Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarında səfəri olduqca vacibdir.

O ki qaldı müdafiə naziri Zakir Həsənovun səfərdə iştirak etməməsinə, deyə bilərəm ki, Baş Qərargah rəisi birbaşa hərbi əməliyyatları aparan şəxsdir. Onun bu səfərdə olması daha məqbuldur”.

Hərbi ekspert Ədalət Verdiyev isə qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarında səfəri iki ölkə arasında hərbi sahədə əməkdaşlığın başlanmasının 20 illiyinə təsadüf edir:

“Səfər çərçivəsində müəyyən tədbirin keçirilməsi, görüşlərin təşkili planlaşdırılıb. Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin heyətə rəhbərlik etməsində qeyri-adi heç nə yoxdur. Belə ki, Azərbaycan Ordusunun Baş Qərargah rəisi Müdafiə nazirinin birinci müavini sayılır. Adətən səfər öncəsi heyətin tərkibi rəhbərlik edəcək şəxs öncədən planlaşdırılır.

Bu səfər ilk növbədə Azərbaycan ilə ABŞ arasında münasibətlərin inkişaf etdirilməsi məqsədi daşıya bilər. Belə ki, iki ölkə arasında bundan öncə də Əfqanıstandakı əməliyyatlar zamanı kifayət qədər ciddi əməkdaşlıqlar olub. Azərbaycan sülhməramlı kontingenti də bu əməliyyatlarda iştirak edib.

Azərbaycan ABŞ-nin Qafqazdakı ən böyük etibarlı tərəfdaşıdır. Azərbaycan sərhədlərinin qorunmasında Vaşinqtonun dəstəyi misilsizidir. Belə ki, rəsmi Vaşinqton xüsusilə Xəzər dənizində sərhədlərin qorunması istiqamətində Azərbaycana müxtəlif dəniz vasitələri verib.

Bu gün ABŞ yeni reallıqlar fonunda öz nüfuzundan istifadə edərək Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına dəstək ola bilər.

O ki qaldı səfərin İran-Azərbaycan münasibətlərinin gərginləşdiyi və Qarabağda antiterror əməliyyatlarının keçirilməsinə dair iddiaların səsləndiyi dövrə təsadüf etməsinə, deyə bilərəm ki, Azərbaycan təhlükəsizlik məsələlərini kimləsə müzakirə etmir. Qarabağ bizim daxili işimizdir. Əlbəttə ki, ABŞ ilə sərhədlərin delimitasiyası, minalanmış ərazilər və Ermənistan ilə yekun sülh müqaviləsinə dair məsələlər müzakirə edilə bilər.

İrana gəldikdə isə ABŞ açıq şəkildə bildirib ki, İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda Vaşinqton Bakıya dəstək verə bilər“.

Turan Rzayev
Globalinfo.az