“Keçmiş haqqında yalan danışmaq bu günün reallıqlarından qaçmaqdır” – Fazil Mustafanın “Cəhalət kolonu”

“Keçmişin şücaətləri haqqında yalan danışmaq bu günün reallıqlarından qaçmaqdır… Xalqa yaltaqlanmaq hökmdara yaltaqlanmaq qədər təhlükəlidir”.

Globalinfo.az xəbər verir ki, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafanın  “Cəhalət Kolonu” adlı kitabı “AVE Print” nəşriyyatında çapdan çıxıb. Kitaba deputatın bu yaxınlarda yazdığı məqalə və esselər daxil edilib.

Qeyd edək ki, Fazil Mustafa Milli Məclisdə söz sahibi olan, fikir və təkliflərini çəkinmədən bildirə bilən deputatlardandır. Hətta mətbuata verdiyi açıqlamalarda da Fazil Mustafanın azad düşüncəsinin şahidi olduq. Verdiyi açıqlamalara görə tənqid olunsa da, bu da onun fikirlərini açıq deməsinə mane olmayıb.

Bəlkə də Fazil Mustafa Milli Məclisdə fikirlərini sərbəst ifadə edə bilən azsaylı deputatlardandır.

Kitabın arxasında müəllifin fikirləri aşağıdakı ifadələrlə verilir;

“Mən xalqın tərəfində deyiləm, sadəcə həyatım və biliyimlə insanlara dəstək oluram.

Sözümü deyirəm, sözümü millətin xeyrinə deyirəm. Xalqa rəğmən xalqın bəyənmədiyi sözü deyirəm.

Mənim tarixə, dinə və cəmiyyətə baxışımı görmürsünüz?

Xalqın sözünü demək, öz fikrini söyləməkdən qorxmaq deməkdir.

Bu, əsrlər boyu əzbərlədilən sözləri tutuquşu kimi təkrarlamaq deməkdir.

Keçmişin qəhrəmanlıqları haqqında yalan danışmaq bugünkü reallıqlardan qaçmaq deməkdir.

Xalqa yaltaqlanmaq hökmdara yaltaqlanmaq qədər təhlükəlidir.

Yəqin ki, meydanları xatırlayırsınız. Orada camaatın sözünü deyə bilənlər mikrofona yaxınlaşa bilirdilər.

Xalqı sevən insanlar həqiqəti deməyin yollarını axtarırdılar.

İstər tərif, istərsə də tənqid şəklində xalqın sözünü deyil, onun xeyrinə danışmaq, yazmaq ziyalının, vətəndaşın borcudur.

Xatırladaq ki, deputatın indiyədək 25-dən çox kitabı işıq üzü görüb.

Ümid edirik ki, “Cəhalət kolonu” – “Cahillik sütunu” kitabı fikirlərə aydınlıq gətirəcək.