İvanişvili çətin durumda: ABŞ-a gizli şəkildə adam göndərdi

“Bidzina İvanişvili çalışır ki, ABŞ-la münasibətləri yoluna qoysun, amma məncə o, artıq bütün qırmızı xətləri keçib”.

Globalinfo.az xəbər verir ki, bunu Aqmaşenebeli Strategiyası Partiyasının lideri Georgi Vaşadze deyib.

Onun sözlərinə görə, İvanişvilini xilas edəcək yeganə şey hakimiyyətdən dinc yolla getməsidir.

“Gürcü Arzusu”nun keçmiş üzvü olan, keçmiş baş nazir Georgi Qaxariya da bənzər iddia ilə çıxış edib. Onun sözlərinə görə, İvanişvili artıq adamlarından birini ABŞ-a göndərib ki, vəziyyəti öyrənə bilsin. Bununla belə o, İvanişvilinin kimi ABŞ-a göndərdiyini açıqlamayıb, amma bu şəxsin güc strukturlarında çalışdığını deyib.

Qeyd edək ki, Bidzina İvanişvili Gürcüstanın “Boz kardinal”ı sayılır. O, hakim “Gürcü Arzusu” Partiyasının əsas idarəçisidir. Məhz İvanişvilinin sayəsində ölkədə xarici təsirin şəffaflaşdırılması ilə bağlı qanun qəbul olunub ki, bu da Tiflislə Qərb arasındakı bütün əlaqələri pozub. Üstəlik, ABŞ Gürcüstanın bu addımının onun AB-yə yolunu bağlayacağını bildirib.

Tahir Turan
Globalinfo.az