İslam dünyası ayağa qalxdı – Hədəfdə Türkiyə var?

“Müsəlman ölkələrində İsrailə qarşı etiraz yeni hadisə deyil”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kənan Rövşənoğlu Livanda və Türkiyədə İsrail əleyhinə baş tutan aksiyaları şərh edərkən deyib.

Onun sözlərinə görə, dünən Qəzza zolağında xəstəxananın vurulmasından sonra dünyada böyük etirazlar başlayıb:

“Müsəlman dünyasında çoxu hesab edir ki, İsrailin yer üzündə əsas dəstəkçisi ABŞ-dır. Buna görə də etirazlar həm də ABŞ-a qarşıdır. Çünki ABŞ həm də dünya lideridir və İsrail-Fələstin münaqişəsini həll edə biləcək gücdədir. Bu mənada etirazların ABŞ-a yönəlməsinin izahı çox açıqdır.

İran Fələstindəki silahlı müqavimət qrupları (onları belə adlandırılar) və eləcə də Livandakı Hizbullahı dəstəkləyir. Əlbəttə, hazırkı hadisələrdə də İran Fələstin və HƏMAS-la həmrəylik nümayiş etdirir. Ancaq sadaladığımız aksiyaların birbaşa İranın təşkil etdiyini düşünmürəm. Çünki bu cür etirazlar münaqişə mövcud olduğu bütün dövrlərdə keçirilib. O ki qaldı İranın Türkiyə və İsrail münasibətlərini pozması iddiasına, bunun üçün əsas yoxdur.

Türkiyə cəmiyyəti hər zaman, hətta islamçılar hakimiyyətdə olmadığı 40-cı illərdə belə Fələstin mövzusuna həssas yanaşıb. 1947-ci ildə BMT-də keçirilən səsvermədə ərəb ölkələri ilə həmrəylik göstərən azsaylı ölkələrdən olub. Yəni kiminsə oyun qurub Qəzza məsələsində Türkiyə ilə İsrailin arasını vurmağa gərək yoxdur. Mövzu onsuz da Türkiyədə həssas məsələdir, hakimiyyətlər də ictimai rəylə hesablaşmağa məhkumdur”.

Turan Rzayev
Globalinfo.az