İrimiqyaslı müharibə qaçılmazdır – Dünyanın xəritəsi yenidən cızılır

Son vaxtlar NATO-Rusiya müharibəsinin başlayacağı ilə bağlı proqnozlar verilir, təhlillər aparılır. Ukrayna müharibəsi kontekstində Qərb koalisiyası ilə Rusiya arasında gözlənilən savaş barədə diqqətçəkən açıqlamalar yayılır. Polşanın Baş naziri Donald Tusk deyib ki, İkinci Dünya müharibəsinin bitməsindən bəri ən kritik dövr yaşanır və növbəti iki ildə həlledici proseslər yaşanacaq.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, faktiki olaraq Üçüncü Dünya müharibəsi gedir:

“Şərqi Avropa, Yaxın Şərq, Cənubi Qafqaz və müxtəlif regionlarda bunun şahidi oluruq. Böyük güclər dünyanı yenidən parçalamağa, yeni xəritə formalaşdırmağa çalışırlar. Bu proseslər bir-biri ilə əlaqədardır”.

K.Novruzov bildirib ki, Qərb və Şərq bloku arasında münaqişə getdikcə dərinləşir:

“Qərb birbaşa müharibəyə qoşulmayaraq öz proksi qüvvələri ilə prosesdə iştirak edir: Ukrayna, İsrail, Ermənistan vasitəsilə ambisiyalarını həyata keçirir.

Şərq blokunda Çin, Şimali Koreya, Brazilya müharibəyə qoşulmur. Birbaşa münaqişə aparan Rusiyadır. Mövcud vəziyyət göstərir ki, Rusiya və NATO müharibəsi qaçılmazdır. Bu da Üçüncü Dünya müharibəsi, nüvə savaşının başlaması deməkdir”.

Safura Bənnayeva
Globalinfo.az