Noyabrdan etibarən İrəvanın Qarabağ planı dəyişib – Erməni ekspert

“Azərbaycanla münasibətlərin nizamlanması məsələsində Ermənistan hakimiyyəti keçən ilin oktyabr-noyabrından başlayaraq alternativ oyun qurmağa başlayıblar”.

Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Artur Martirosyan deyib.

“Bir sahədə maraqların irəliləməsi qeyri-mümkün olanda alternativ oyun digər meydançaya keçməyi güman edir. Belə yanaşmada ən böyük problem yanılmamaqdır. Ermənistan hakimiyyətinin reallıqları düzgün dəyərləndirməməsi problemi var”, – o bildirib.

Ekspertin sözlərinə görə, Qərbin bu regionda maraqları Rusiyanı bölgədən çıxarmaqdan ibarətdir:

“Bu, Azərbaycan və Türkiyənin maraqları ilə üst-üstə düşür. Qərb Ermənistan hakimiyyətini inandıra bilib ki, Rusiya müharibədə zəifləyib və uğursuzluğa düçar olacaq, ona görə də gəlin birgə oynayaq. Məhz bu səbəbdən Ermənistan Bakı ilə münasibətlərin nizamlanmasından Vaşinqton-Brüssel həll variantı ilə irəliləməyə başlayıb. Bu variant isə Azərbaycanın Ermənistan ərazisinə təhdid olmaması ümidi ilə İrəvanın Qarabağdan tam imtina etməsi deməkdir. Reallıq odur ki, Rusiyanın regiondan çıxarılmasından sonra Türkiyə və Azərbaycan Qərblə öz oyununu oynayacaq, sülh isə tam olaraq Ankara və Bakıdan asılı olacaq. İrəvan Qərbdən bəyanatlardan başqa heç nə gözləməsin”.

Aqşin
Globalinfo.az