İranın ölkəmizdəki şəbəkəsi tam dağıdılır, agentura seti yox edilir!

İranla müharibə şəraitindəyik. Başqa adı yoxdur. Münasibətlər həddən artıq pisləşib, əsəblər gərilib. İran bizimlə silah dilində danışır. Öncə SEPAH cənub sərhədlərimizdə keçirdiyi hərbi təlimlərlə bizi qorxutmağa çalışdı. Arazı keçməyin imitasiyası göstərildi, tanklar nümayiş olundu, ağır hərbi texnika ilə əzələ nümayişi edildi. Layiqli cavabını aldı və bir müddət dayandı.

İran sözlə, informasiya ilə bizi məğlub edə bilmədi. Hərbi təlimlərlə də istəyinə çatmadı. Ona görə son varianta əl atdı. Öncə Tehrandakı Azərbaycan səfirliyinə silahlı basqın təşkil etdirdi. Bir səfirlik əməkdaşımızı şəhid oldu. Üstündən 2 ay keçmiş Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd planı həyatı keçirildi. Bu terrorun da arxasında İranın dayandığına əsaslı şübhələr var.

İran səfirlik terroruna əl atmaqla olan-qalan maskasını da düşürdü. Bizimlə diplomatik dildə deyil, terror dilində danışacağının mesajını verdi. Düzdür, hələ biz iki terrora silahla deyil, sözlə, bəyanatla qarşılıq veririk. Azərbaycan təmkinli davranır. Rəqibin təxribatına getmir. Düzgün və ağıllı rəftardır. Amma bunun da bir sonu olmalıdır. Olacaq.

Fazil Mustafa İran agenturası ilə informasiya savaşındadır. Neçə illərdir proses gedir. Fazil Mustafa bu məsələdə güzəştsiz mövqeyi ilə seçilən ziyalı, siyasətçidir. Onun savadlı, məntiqli çıxışları, yazıları İran rejiminin Azərbaycandakı fəaliyyətinin mahiyyətini açır: din adı altında ölkəmizə qarşı terrorçu davranışını detallı şəkildə cəmiyyətə çatdırır.

Fazil Mustafaya atılan güllələr həm də hər birimizə – dövlətimizə tuşlanıb. Xalqımızın heysiyyatı yaralanıb. Güllələr bilavasitə Fazil bəyə dəydi, amma acısını hamımız çəkirik. Onu aradan götürüb, cəmiyyətin, ziyalıların gözünü qorxutmağa çalışdılar. Bu elə bir prosesdir ki, geriyə yolumuz yoxdur. İran qonşumuzdur, terror dövlətidir. Onun qabağından qaçmağımız bir ömür bizə baha başa gələr.

İran daxildə qaynayır: xalq molla rejiminə qarşı aylardır ayaqdadır. Rejim öz vətəndaşları ilə də silahla danışır, güc tətbiq edərək davranır.

Bu dövlətin ən yaxın qonşularla münasibətləri düşmənçilik üzərində qurulub. Bunun da səbəbkarı rəsmi Tehran özüdür. Bölgənin ən qüdrətli dövlətləri ilə Azərbaycan strateji müttəfiqdir.

Türkiyə ilə qardaşlıq üzərində qurulmuş çöxtərəfli əlaqələr mövcuddur. Prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın doğmalıq, qardaşlıq münasibətləri dünyaya görkdür, nümunədir. Bu münasibət Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndirilib.

İsrail Azərbaycanla dost-müttəfqidir. İki ölkənin siyasi, iqtisadi, diplomatik, hərbi, kəşfiyyat və s. sahələrdə əməkdaşlığı illərdir artan xətlə davam edir.

Pakistanla münasibətlərimizin necə yüksək səviyyədə olmasını xatırlatmağa ehtiyac yoxdur. Vətən müharibəsində bunu hamımız gördük.

Rusiya ilə olduqca strateji hədəflərə söykənən əlaqələr mövcuddur. Qarabağda baş verən son proseslərdən nəyin necə olduğunu görməmək mümkün deyil.

Azərbaycanın Qərblə də münasibətləri yaxşıdır. Bəzi istisnaları nəzərə almasaq, ABŞ, Böyük Britaniya, Avropa İttifaqı rəsmi Bakı ilə əksər məsələlərdə anlaşıb. Həm bu, həm də digər önəmli məsələlərə görə Qərbin ölkəmizi İranın təhdidləri ilə baş-başa qoyacağı inandırıcı görünmür. ABŞ dövlət katibi Entoni Blinken təmsil etdiyi dövlətin mövqeyini bu günlərdə açıq şəkildə bəyan etdi. İranın Azərbaycana siyasi-ideoloji basqısı, ölkəmizə qarşı açıq terrora əl atması ABŞ başda olmaqla Qərbin maraqlarına əsla adekvat deyil. Bu qədər əleyhdarı, rəqibi, düşməni ola-ola İran bir də bizimlə savaşır. Bəlkə özü də gözləmirdi ki, Azərbaycan dövləti ona belə sərt, qətiyyətli cavab verər. Bunu sindirə bilmir özünə. Çünki illərdir rəsmi Bakı İranla konfrontasiyaya getməkdən yayınıb. Qonşuluğa, dindaşlığa yaraşmayan davranışlarına rəğmən, dözümlü yanaşılıb.

Düşünürdü ki, bu hər zaman belə olacaq. Amma yanıldı və kobud səhvə yol verdi. İran tamamilə tükənib. Buna görə də silaha, terrora əl atıb. Hara qədər gedəcək? Nə qazanacaq? Bizimlə müharibəyə başlayası deyil ki! 40 milyon azərbaycanlı yaşayır İranda. Müstəqil Azərbaycana müharibə elan etsə, öz qəbrini qazmış olacaq!

Onun ən böyük hədəfi Azərbaycanda silsilə terror aktları keçirməkdir. İkisini etdi (bəzi iddialara görə, “Bravo” teraktının da arxasında İran dayanır), yenə etmək istəyəcək. Fazil Mustafanı güllələyən terrorçu yaxalanmayıb. O, böyük ehtimal tək deyil. Bu cür teraktlar bir nəfərin iştirakı ilə olmur. Hələ Azərbaycandadırlarsa, bir an öncə yaxalanmaları lazımdır. Sui-qəsdçilərə burada dəstək verən, onların gizlənməsinə şərait yaradan qüvvələrin olması istisna deyil. İranın ölkəmizdəki terror yuvaları dağıdılana kimi rahat olmamalıyıq.

İnanırıq ki, Azərbaycanın hüquq mühafizə və xüsusi xidmət orqanları tezliklə terrorçunu və onun üzv olduğu dəstəni ifşa edib zərərsizləşdirəcək.

Əminik ki, sui-qəsdçilərin yaxalanması üçün plan, ssenari hazırdır. Azərbaycan dövləti neçə illərdir terrordan əziyyət çəkir. Bir zamanlar Ermənistanın terror hücumlarına məruz qalmışdıq, indi də İranın. Bu, həm də dövlətimizə terrorla, terrorçularla mübarizə aparmaq təcrübəsi qazandırıb. Ona görə də əminik, proses çox uzanmadan terrorçular yaxalanıb, layiqli cəzalarını alacaqlar.

Aydın Aslan
Globalinfo.az