Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə deyib ki, İran Zəngəzur dəhlizinin açılmasını istəmir. Onun sözlərinə görə, prosesə rəsmi Tehran daha çox mane olur, nəinki Ermənistan.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, Türkiyə liderinin Zəngəzur dəhlizi barədə açıqlaması Tehranın bölgədə dağıdıcı və pozucu, sülh düşməni simasını bir daha ifşa etdi:
“Düzdür, bu, siyasi kluarlar üçün yeni məlumat deyildi, lakin ictimaiyyət Molla rejiminin regionda təhlükə mənbəyi olmasına bir daha əmin oldu. Tehranın Zəngəzur dəhlizi ilə bağlı tutduğu qeyri-konstruktiv mövqe ilə iki vacib nüans meydana çıxır:
– Birincisi, aydın olur ki, bu ölkə regionda işğal, təcavüz və separatizm, habelə narkotik dövriyyəsi kimi problemlər hesabına ayaqdadır və bu düzənin dəyişməsini arzulamır.
– İkincisi isə, bütün bunlara baxmayaraq, əgər İranın hələ də Zəngəzur dəhlizi ilə bağlı fikri soruşulursa, deməli, region dövlətləri, ələlxüsus Azərbaycan cənub qonşusuna bu platformada təmsil olunaraq bataqlıqdan qurtulmaq şansı verir.
Bildiyiniz kimi, cənab İlham Əliyev 44 günlük Vətən müharibəsi başa çatdığı gündən İranın da daxil olacağı regional əməkdaşlıq platforması təklif edir. Lakin Tehran nəinki tərəfdaşlıqdan yayınır, üstəlik, regionu yenidən işğal və separatizmin körükləndiyi dövrə çəkməyi arzulayır”.
Bəhruz Məhərrəmov
B.Məhərrəmov deyib ki, biz Tehrana dayəlik etmək niyyətində deyilik və molla rejimi üçün dalana dirənmək və bataqlıqda qalmaq xoşdursa elə dalan və bataqlıqda da qalacaq:
“Amma sual çıxır, yeni dünya düzənində, xüsusən Azərbaycanın və Türkiyənin regionun və dünyanın güc mərkəzi kimi parlamasından sonra İran əhalisi, ələlxüsus 35 milyonluq Cənubi Azərbaycan molla rejimi ilə bərabər həmin bataqlıqda qalmağı arzu edəcəkmi? Təbii ki, Azərbaycan üçün Zəngəzur dəhlizi məsələsində İran həlledici maneə deyil və ola da bilməz. Hətta dəhlizin ərazisindən keçəcəyi Ermənistan belə bu məsələdə cənab İlham Əliyevin iradəsi qarşısında acizdir. Üstəlik, Azərbaycan Prezidenti elə situasiya formalaşdırıb ki, dəhlizə mane olmaq istəsə, Ermənistan bu dəhlizdə marağı olan Rusiya, Avropa İttifaqı, habelə Çindən Böyük Britaniyaya qədər gücləri qarşısına almalı olacaq”.
Deputat bildirib ki, İrəvan reallığı, eləcə də İlham Əliyevin Ermənistanın kaprizlərinə dözmək niyyətində olmadığını başa düşür:
“Yəni öz ərazisində dəhliz üzrə işlərin 80 faizə yaxınını başa çatdırmış Azərbaycan dövləti üçün faktiki maneə mövcud deyil. Belə olan halda pozuculuqda israr etməsi İranın dəhlizə maneə olması ilə yox, dəhlizdə faydalana biləcəyi səmərədən kənarda qalması demək olacaq”.
Zaira Akifqızı
Globalinfo.az