“İrandakı hərəkatın gizli liderləri var” – Politoloqdan sensasion Güney açıqlaması

İranda proseslər milli azadlıq xarakteri alır. Orada yaşayan bir çox xalqlar öz azadlıqları, suveren haqları üçün mübarizə aparır. İranda yaşayan ikinci ən böyük xalq Azərbaycan türkləridir.

Sentyabr ayından bu ölkədə başlayan etiraz aksiyalarında soydaşlarımızın fəallığı yüksək səviyyədədir. Onların səsləndirdikləri şüarlar da türk coğrafiyasında məşhurluq qazanıb. “Azadlıq, ədalət, milli hökumət” hayqıran minlərlə insan bu hədəfin gerçəkləşməsi üçün gecə-gündüz molla rejimi ilə mübarizə aparır.

Milli hökumətin yaranmasından öncə vacib olan bəzi amillər var. Onlardan biri milləti ətrafında birləşdirən təşkilatdır, digəri milli lider.

İrandakı şərtlər hər iki amili istisna edir. Tehran rejimi orada millətin təşkilatlanmasına və bunun nəticəsində ortaya liderin çıxmasına imkan vermir.

O zaman prosesləri idarə etmək hansı şəkildə həyata keçiriləcək? İranda rejim və hakimiyyət dəyişikliyi baş verərsə, orada yaşayan azərbaycanlılar dövlət qurmaqda ciddi çətinlik çəkərlər.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, Güneydəki hərəkatın təbii ki, lideri olmalıdır, amma bu lider qəbul edilməlidir:

“Şimali Azərbaycanda milli hərəkat başlayanda bir təşkilat quruldu və xalqın əsas elektoratı onun liderinin ətrafında birləşdi. Güneydə də bu proses başlamalıdır.

Birincisi, Güneydə təşkilat qurulmalıdır, O təşkilatın lideri olmalıdır və xalqın böyük əksəriyyəti o təşkilatın ətrafında birləşməlidir. Təşkilatlar çoxdur, amma xaricdə fəaliyyət göstərir. Həmin təşkilatların liderləri də Avropa ölkələrində, ABŞ-dədirlər. Amma hələlik mən Güney azərbaycanlıların bir çoxunun arxasınca gedə biləcəyi nüfuzlu lideri görmürəm”.

Politoloq Əlimusa İbrahimov isə bildirib ki, bu vaxta qədər dünyada baş verən hadisələrin inkişaf tendensiyası başqa idi və qığılcımdan alov yaratmaq üçün ciddi zəhmət çəkmək tələb olunurdu. İndi isə vəziyyət tamamilə fərqli inkişaf mərhələsinə çatıb:

“Bu gün heç kim təsdiq edə bilməz ki, “Ərəb baharı” baş verən ölkələrdə hadisələri idarə etmək üçün liderlər mövcud idi və bu liderlərin fəaliyyəti nəticəsində nümayişlər müəyyən nəticələrə gətirib çıxardı”.

İranda baş verən son hadisələrə gəlincə, ekspert qeyd edib ki, bu hadisələrin özbaşına baş verməsini düşünmək sadəlövhlük olardı:

“Özbaşına heç bir hadisə bu qədər inkişaf yolu keçə bilməzdi və buna qədər İranda baş verən mitinq və nümayişlər rəhbərləri olduğu halda belə, çox da ciddi nəticələrə gətirib çıxarmadı. Amma indi lidersiz hərəkatın bu qədər rezonans yaratması da məntiqli görünmür. Düşünürəm ki, bu hadisələrdə liderin ortalıqda olmaması nümayişlərin hələlik uğurla davam etdirilməsinin səbəbidir. Amma bir qədər də dərinə gedib bildirirəm ki, bütün inqilablarda olduğu kimi, bu gün İranda baş verən hadisələr də idarə olunur. Amma onun bir nəfər, yaxud bir qrup liderlər tərəfindən idarə olunmasını söyləmək hələ tezdir. Bu lider və liderlərin ortalığa çıxmasına qədər gözləmək lazımdır. İrandakı proseslərin son nəticəyə qədər gedib çıxa bilməsi bu liderlərin məhz inkoqnito qalmasıdır.

Bütün bunlar İranda son 10 ildə baş verən nümayiş və qarşıdurmadan çıxan nəticələrdir. Liderlərin idarə edərək nəticə ala bilmədiyi bu nümayişlər indi bu liderlərin kölgəyə çəkilməsi ilə nəticələnib. Onların görünməməsi yox olması demək deyil”.

Gülnar Səlimova,

Globalinfo.az