İran Zəngəzurda təkid etsə, Türkiyə bu addıma gedəcək – Ərdoğanın bəyanatının kodları

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizinə görə İranı ittiham etməsi erməni ekspertlərin də diqqətini çəkib. Erməni türkoloq Ruben Safrastyan deyib ki, Ərdoğan seçkidən sonra Qafqaz istiqamətini yenidən prioritet sahələrdən birinə çevirir. Bəs Tehranın bu təzyiqlərə müqaviməti necə, hansı həddə qədər olacaq?

Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib ki, Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı verdiyi açıqlama, xüsusilə də İran məsələsinə toxunması təsadüfi deyil.

O bildirib ki, həm Azərbaycan, həm də Türkiyə yaxşı başa düşür ki, Zəngəzur dəhlizi məsələsində əsas manealərdən birini İran törədir:

“Ərdoğanın açıqlamasından sonra İranın dini lideri Ayətullah Xameneinin nümayəndəsi Ayətullay Seyyid Amulinin verdiyi açıqlamada da qeyd olunur ki, “biz ticarətlə bağlı məsələyə narazı deyilik, amma xəritənin dəyişdirilməsinə, torpaq məsələsinə narazıyıq”. Buradan da belə aydın olur ki, İran elə başa düşür, Azərbaycan və Türkiyə Ermənistanın əlindən torpağını almaq istəyir. Görünür, məsələyə bu cür yanaşır”.

S.Hümbətov deyib ki, burada regionun aktor olduğu önə çıxmır:

“Ermanistan son vəziyyətdə yenə də Türkiyə ilə müəyyən məsələlərdə razılığa gələ biləcək. Çünki Paşinyanın Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etməsi, Türkiyə prezidenti ilə görüşüb, onu təbrik etməsi və s. məsələ hamısı göstəriri ki, deməli, artıq Ermənistan da Türkiyə tərəfinə yönəlir. Son nəticədə Ermənistan üzünü İrandan Türkiyəyə çox rahat bir şəkildə döndərə bilər. Hətta məlumat var ki, Türkiyə-Ermənistan, ya Ermənistan-Türkiyə sərhədində İrəvan tərəfdə çay üzərində yerləşən körpünün təmiri gedir. Görünür, əgər Azərbaycanla böyük sülh sazişi imzalanacaqsa, artıq Ermənistan və Türkiyə arasında diplomatik əlaqələr qurula, sərhədlər açıla bilər. Bu məsələlər çox önəmlidir”.

S.Hümbətov deyib ki, indiki məqamda Ərdoğanın İranla bağlı söylədiyi fikrin iki önəmli tərəfi var:

“Birincisi odur ki, Ərdoğan İrana mesaj verir ki, “bax, beynəlxalq təyziqlər qarşısında səni tək qoymayan mənəm. Əgər Zəngəzur dəhlizi məsələsində tullanıb-düşsən, beynəlxalq təyziqlərin sənin üzərinə artmasına göz yumacağam.

İkinci tərəfi isə Cənubi Azərbaycan məsələsidir.

Burada Türkiyənin kifayət qədər təsir imkanları var. Nəzərə almaq lazımdır ki, Türkiyə istənilən anda İran daxilində bir qarışıqlıq yaratmaq imkanına malikdir. Amma təbii ki, bunu etmir. Çünki Türkiyə regional amilləri nəzərə alır. Eyni zamanda Azərbaycanı tək qoymadığını hər zaman göstərir. O baxımdan düşünürəm ki, İrana qarşı təyziqlər artacaq”.

Samir Hümbətov İranın Zəngəzur dəhlizinə qarşı axıra qədər müqavimət göstərəcəyinə inanmadığını qeyd edib:

“Çünki məsələdə tək bir dövlət və ya yalnız Azərbaycan deyil. Zəngəzur dəhlizi Türkiyə-Azərbaycan, müəyyən mənada Rusiya, ən əsas isə Qərb və Çinin marağındadır. Çinin maraqları daha güclüdür. Bir şey də var ki, İran Çinin sözündən heç cür çıxa bilməz. Bütün bunların hamısını nəzərə alıb əminliklə deyirəm ki, İranın hər hansı formada ciddi müqaviməti ola bilməz. Müəyyən təsirlər göstərməyə çalışar, amma o da o effekt verməyəcək. Ona görə ki, Ermənistan özü bu məsələdə yavaş-yavaş maraqlı olduğunu göstərir”.

Zaira Akifqızı
Globalinfo.az