İran Haniyəni “Mossad”la birlikdə aradan götürdü: Səbəb isə… – Türkiyədən özəl açıqlama

Globalinfo.az türkiyəli politoloq Hüsaməddin İnancın müsahibəsini təqdim edir:

– Hüsaməddin bəy, İsrail HƏMAS-a qarşı Qəzzada apardığı əməliyyatlardan sonra indi də yeni hədəf olaraq “Hizbullah”ı seçib. Rəsmi Təl-Əvivin Livanda “Hizbullah”a qarşı hərbi əməliyyatlara başlayacağına dair məlumatlar var. Sizcə, bu əməliyyatlar ilə İsrail nəyə nail olmaq istəyir?

– İsrail, Qəzzada apardığı əməliyyatlardan gözlədiyi nəticəni əldə edə bilmədi. Daha dəqiq desək, Təl-Əviv HƏMAS-ı məğlub edə bilmədi. Düzdür, əməliyyatlar çərçivəsində HƏMAS-a ciddi zərbə vurulsa da əsas hədəflər olan tunelləri tam təmizləyib, əsirləri xilas etmək cəhdi alınmadı. Əməliyyatlar fonunda kifayət qədər çox itki də verdi.

İsrail bu uğursuzluğu kompensasiya etmək və diqqətləri yayındırmaq üçün müharibənin arealını genişləndirir. Təbii ki, İsrailin Livanda əməliyyatlara başlamaq məsələsinin pərdəarxasında İsrail Baş naziri Benyamin Netanyahunun karyera planları da var.

Netanyahu hökumətinin ömrünü uzatmaq üçün müharibə ilə xalqı manipulyasiya etməyə çalışır. O, həm də Trampın gəlişinə qədər prosesləri nəzarətdə saxlamaq istəyir.

– Donald Trampın ABŞ prezidenti seçilməsi İsrailə hansı baxımdan sərf edir?

Iran Executed Mossad Agent For Sharing Classified Information To Israel

– Netanyahu düşünür ki, Tramp prezident olarsa İsrail də regionda istədiyi planları gerçəkləşdirə biləcək. Prinsipcə o, haqlıdır. Tramp prezident seçilərsə, Netanyahu ilə birlikdə bu radikal soyqırımı mahiyyətli siyasəti davam etdirəcək. Buna görə də Tramp seçilənə qədər Netanyahu vaxt qazanmağa çalışır. Əks təqdirdə, sülh olarsa bu onun hakimiyyətinin sonu deməkdir.

– Bildiyiniz kimi, HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürüldü. Hadisə sonrası İran İsraili açıq şəkildə təhdid etdi. Hətta bu təhdidi birbaşa müharibə elanı kimi şərh edənlər də var. Necə düşünürsünüz, İran-İsrail müharibəsi olacaq?

– İsmayıl Haniyə olayı düşünüldüyündən də qarışıqdır. Onun ölümü ilə bağlı əsas günahkar məhz İrandır. Məlum olduğu kimi, Çinin vasitəçiliyi ilə HƏMAS, FƏTH başqa 12 qrup arasında bir razılıq əldə edildi. Xüsusilə HƏMAS-la FƏTH-in barışması, ortaq məxrəcə gəlməsi İranın maraqlarına uyğun deyil. Çünki belə olan halda HƏMAS İrandan uzaqlaşacaq.

İ.Haniyə Pekin bəyannaməsinin imzalanmasında əsas təşəbbüskar olduğu üçün İran “Mossad”la birlikdə onu aradan götürdü. Yəni İsrail və İran arasında bu kimi məsələlərə dair gizli razılıq var. Əslində bu razılıq həm də onu deməyə əsas verir ki, tərəflər total bir müharibə vəziyyətinə gəlməyəcək. Sözlü siyasi bəyanatlar ilə proses yenidən səngiyəcək.

Buna baxmayaraq İran İsrailə hücum edəcək. Çünki milli maraqlarını və prestijini qorumağa məcburdur. Amma bu hücum kütləvi dağıntı ilə xarakterizə olunmayacaq. Trampın da dediyi kimi, İran vaxtilə İraqdakı ABŞ bazalarını vurarkən zəng edib Vaşinqtona məlumat vermiş, narahatlığa əsas olmadığını demişdi.

– Həm Türkiyə, həm də İran İsrailin regional siyasətindən ciddi narahatlıq keçirir. Təsadüfi deyil ki, yenə bu iki ölkə ayrı-ayrılıqda Təl-Əvivi təhdid edib. Türkiyə İranla birlikdə İsrailə qarşı ortaq hərəkət edəcək?

– Əslində Təl-Əviv Tehran və Ankaranı təhdid edir. Amma bu o demək deyil ki, İran Türkiyə ilə ortaq hərəkət etmək istəyir. Ümumiyyətlə, Tehranın belə bir niyyəti yoxdur və heç vaxt da olmayıb.

İran başından bəri Türkiyə ilə ortaq hərəkət etsəydi, bu gün regionda baş verən proseslər bu həddə gəlib çatmazdı. Bəlkə də heç Qəzzadakı qətliam da yaşanmazdı. Reallıq budur ki, İran İsrail və ABŞ ilə gizlidən təmaslar qurur. Ümumi mənzərəyə baxdıqda görünür ki, İranın atdığı addımlar İsrailin maraqlarına, İsrailin atdığı da İranın maraqlarına uyğundur. Hazırkı gərginlikdən İran regional gücünü qorumaq üçün istifadə edir.

– ABŞ, prezident seçkiləri öncəsi çətin bir geosiyasi situasiya ilə üz-üzə qalıb. İsrailin də içərisində olacağı ehtimal bir müharibə ssenarisində Vaşinqtonun mövqeyi necə olacaq?

– Demokratların prizmasından baxdıqda demək olar ki, onlar regionda müharibənin olmasını isəmirlər. Bayden administrasiyası ciddi bir dilemma qarşısındadır. Çünki Netanyahu Baydenin izni olmadan addım atır. Misal üçün, onun ABŞ Konqresindəki sonuncu çıxışı Baydenin rizası xaricində olub. Hətta Baydenin Netanyahuya buna görə xəbərdarlıq etdiyi də deyilir.

Hüsaməddin İnanc

Netanyahu ilə Bayden arasında baş tutan sonuncu telefon danışığı da kifayət qədər gərgin keçib. Belə ki, ABŞ prezidenti açıq şəkildə Netanyahuya xəbərdarlıq edib və regionda gərginliyi artırmaqda özbaşına davranmaqda günahlandırıb.

Bütün bunlara baxmayaraq ehtimal bir müharibə vəziyyətində ABŞ İsraili müdafiə edəcək. Çünki İsrail ABŞ-ın regiondakı maraqlarını təmin edən bir dominyon ölkədir.

– Dünyanın müxtəlif regionlarında dondurulmuş münaqişələr bir-bir aktivləşir. Bir çox hallarda böyük güclər tərəf tutmağa məcbur olur. İsrailin son atdığı addımlar ilə “Üçüncü Dünya müharibəsi başladı” demək olar?

– Üçüncü Dünya müharibəsinin başladığını demək üçün hələ çox tezdir. Xüsusilə belə bir müharibənin Yaxın Şərq münaqişələri fonunda başlayacağı qənaətində deyiləm. Bu fikri irəli sürənlər daha çox Rusiya-İran-Çinin ortaq hərəkət etməsini əsas gətirir. Əslində isə bu üçlü arasındakı bağ o qədər də möhkəm deyil.

Rusiya, Çin Yaxın Şərq məsələsində fərqli mövqedədir. Əslində hər iki tərəf regiona məsafə ilə yanaşır. Rusiya və Çin regionda aktiv rol almadıqları təqdirdə çətin ki, Üçüncü Dünya müharibəsindən danışa bilək.

Söhbətləşdi: Turan Rzayev
Globalinfo.az