İran agenturası yenidən fəallaşdı: PUA-lar onları hərəkətə gətirdi 

Son günlər Azərbaycanda iranyönümlü təbəqənin yenidən fəallaşması müşahidə edilir. İranın İsrailə PUA və raket hücumundan dərhal sonra sosial şəbəkələrdə bu qrup aktivləşdi. Sanki bir mərkəzdən idarə olunurmuş kimi hərəkətə keçdi. 

Sirr deyil ki, ölkədə molla rejiminə rəğbət bəsləyənlər hələ də qalır. Onlar Azərbaycanda dövlət quruluşunun dəyişdirilməsinə çağırışlar edir, terror həyata keçirir, müxtəlif qanunsuz əmıəllər törədir. Son 2 ildə bunu edənlərə qarşı Azərbaycan hüquq mühafizə orqanları ciddi şəkildə əməliyyatlar keçirir. İrana bağlı qruplar xeyli dərəcədə zəiflədilib və zərərsizləşdirilib. Buna baxmayaraq yenə də qalırlar.

Maraqlıdır, İranın İsrailə son hücumundan sonra yenidən fəallaşan bu təbəqə Azərbaycanda olandır, yoxsa elə İrandan yönləndirilmiş kəslərdir?

Fazil Mustafa

Mövzunu Globalinfo.az-a şərh edən deputat Fazil Mustafa deyib ki, bütün hallarda Azərbaycanda iranyönümlü fəaliyyətlə məşğul olan qüvvələr ümumilikdə Azərbaycandan idarə olunmayan qüvvələrdir:

“Bunların kifayət qədər iqtisadi və başqa xarakterli dəstəkləri var. Ona görə də Azərbaycan dövləti bu məsələdə həssas davranmalıdır. Biz hansısa bir şəkildə başqa ölkənin peykini özündə ehtiva edən bütün qüvvələrə qarşı sərt davranmalıyıq. Burada söhbət yalnız İrandan deyil, elə ABŞ-dan, Rusiyadan da gedir. Müstəqil dövlətik, maraqlarımıza zidd hansısa ölkənin maraqlarını təmin etmək üçün din pərdəsi və ya hansısa ad altında olan fəaliyyətlərə sərt münasibətlərimizi bildirməliyik. Çünki bu bizim strateji maraqlarımıza zidd olan fəaliyyətlərdir”.

Vüqar Zifəroğlu

Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu Globalinfo-ya deyib ki, azərbaycanlı olaraq, baş verən istənilən proseslərə məhz Azərbaycanın mənafeyindən baxılmalıdır.

O deyib ki, bu, dövlət qarşısında vətəndaşların borcudur. Eləcə də milli hissiyyatın tələbidir:

“Təbii ki, “Beşinci kolon”lar hər zaman, hər ölkədə olub. Onların yönləndirilməsi əsasən kənardan həyata keçirilir. Bunun qarşısını almaq üçün dövlətimiz, müvafiq strukturlar tədbirlər görüblər, hər zaman da görəcəklər”.

Vüqar Zifəroğlu milli maraqlarımızın hər şeydən önəmli olduğunu vurğulayıb:

“Bizim istiqamətimiz də, hədəflərimiz də bəllidir. Milli maraqlarımızdan önəmli heç nə ola bilməz. “İxvan üs-Səfa”, yəni Türk Fütühat Təşkilatının yaradıcısı, 12-ci əsrdə yaşamış böyük filosof və din xadimi Şeyx Nəsrəddin Xoyinin (Exi Evrən) də bildirdiyi kimi, “Vətəni sevmək, imandandır!”

Zaira Akifqızı

Globalinfo.az