“İndi nüfuzunu qoruyub-saxlamaq, peşəkar kimi davam etmək çətindir” – Rəşad Məcid

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Globalinfo.az saytının qonağı olub.

O, saytın bir yaşı münasibətilə kollektivi təbrik edib:

“İlk dəfədir Globalinfo.az saytının qonağı oluram. İki həftə öncə bir yaşınız tamam olub. Sizi bu münasibətlə təbrik edirəm! Gün o gün olsun ki, 10, 20 və daha yüksək yaşlarınızı qeyd edəsiniz!

Qısa müddətdə bir saytın ortaya çıxması, tanınması və etimad qazanması asan iş deyil. Heç şübhəsiz ki, bu, sayta rəhbərlik edən jurnalistin keyfiyyətindən asılıdır. Azər Ayxan da uzun illərin jurnalistidir, böyük təcrübəyə malikdir”.

R.Məcid deyib ki, Globalinfo.az yeni yaradılanda qısa müddət ərzində uğur qazanacağına inanıb:

“Redaksiyanızla tanış oldum, burada istedadlı jurnalistlərin, uzun illər tanıdığım şəxslərin fəaliyyət göstərməsinə çox sevindim. Etiraf edim ki, redaksiyanızda ab-havanı çox bəyəndim. Qarşıda sizi möhkəm zəhmət, əzmkarlıq gözləyir. Media mühiti elədir ki, qeyri-peşəkarlar nələrəsə iddia edirlər və bunlar arasında öz nüfuzunu qoruyub-saxlamaq, peşəkar media kimi davam etmək çətindir. Amma sizin kollektiviniz və rəhbərliyiniz buna qadirdir. Əminəm ki, gələcəkdə Globalinfo.az saytının daha geniş heyətinin, həm də nüfuzunun şahidi olacağıq”.

Zaira Akifqızı
Globalinfo.az