Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib.
Globalinfo.az bildirir ki, məktubda deyilir:
“Hörmətli Aleksandr Qriqoryeviç.
Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə inamlı qələbəniz Sizə yüksək etimadın, Belarus xalqının Sizin dövlətçiliyin və hüquq qaydasının möhkəmləndirilməsinə, ölkə əhalisinin rifahının yaxşılaşdırılmasına, cəmiyyət həyatının bütün sahələrində demokratik dəyişikliklərin həyata keçirilməsinə yönəlmiş ardıcıl kursunuzu dəstəkləməsinin təzahürüdür.
Əminəm ki, birgə səylərimiz Azərbaycan ilə Belarus arasında ənənəvi dostluğun, hərtərəfli əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə və genişlənməsinə, xalqlarımızın və ölkələrimizin rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına bundan sonra da töhfə verəcək.
Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Belarus xalqının tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.
***12:09
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də Belarus Prezidenti Aleksandr Lukaşenkoya zəng edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı Aleksandr Lukaşenkonu Belarus Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.
Prezident Aleksandr Lukaşenko göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Telefon danışığı əsnasında dövlət başçıları iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliklərini ifadə edərək, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.