İlham Əliyev 4 fərman imzaladı

Azərbaycan və İordaniya arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Sənədə əsasən, 2024-cü il aprelin 14-də Əmman şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

***

Prezident İlham Əliyev “Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi haqqında qanunu təsdiqləyib.

Yenilənmiş qanuna əsasən, sazişin yerli tərəfdaşı dəyişib. Belə ki, nazirlik “AzerGold” QSC ilə əvəz edilib.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində Əməkdaşlıq Sazişi”ni təsdiq edib.

Dövlət başçısının imzaladığı fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə zəruri dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə tərəfində bildiriş göndərməldir.

***

Azərbaycanla Tacikistan arasında imzalanmış dörd sənəd təsdiqlənib. Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Dövlət başçısı həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə və “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərmanlar da imzalayıb.