rayon

23 avqust Azərbaycan tarixinin ağır səhifələrindən biri kimi yadda qalıb. 1993-cü il avqustun 23-də Füzuli və Cəbrayıl rayonları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Lakin 2020-ci il Vətən müharibəsindən sonra həmin tarixlərin əvvəlki kimi geniş şəkildə gündəmə gəlməməsi diqqət çəkir. Bu, işğalın yaratdığı ağrıların aradan qalxması, yoxsa tarixi yaddaşın zəifləməsi kimi qiymətləndirilməlidir? İşğal günlərini unutmaq doğrudurmu, yoxsa gələcək nəsillər üçün bu tarixləri yaşatmaq vacibdir?

Globalinfo.az-a danışan tarixçi Faiq İsmayılov deyib ki, rayonların işğal günlərinin qeyd edilməsi də olduqca vacib məsələdir:

“Bu günlərin qeyd olunması, xüsusilə mədəni irs, tarixi yaddaş və işğalın nəticələrinin araşdırıldığı materiallarda tarixi xronoloji ardıcıllığı və hadisələrin kontekstini daha aydın göstərməyə imkan verir. Məsələn, informasiya orqanları və onların səhifələrində ayrıca “İşğal tarixləri” bölməsi yaradıla bilər. İşğal tarixi sadəcə statistik məlumat kimi deyil, həm də mədəni irsin itirilməsi, dağıdılması, qorunması və bərpası prosesinin xronoloji çərçivəsi kimi təqdim olunmalıdır”.

Tarixçi bildirib ki, mədəni irslə bağlı hazırlanan materiallarda, xüsusilə işğaldan azad olunmuş kənd və rayonlarla bağlı yazılarda bunu daha məqsədəuyğun formada təqdim etmək olar:

“Belə ki, rayon və kəndlər haqqında materialların giriş hissəsində onların işğal tarixi qısa şəkildə göstərilə bilər. Daha sonra həmin rayon və ya kəndin mədəni irs nümunələri, işğal dövründə onların vəziyyəti və azadlıqdan sonra həyata keçirilən bərpa və quruculuq prosesi təqdim oluna bilər. Bu yanaşma həm tarixi yaddaşın qorunması, həm də baş verənlərin gələcək nəsillərə daha dolğun şəkildə çatdırılması baxımından əhəmiyyətlidir. Eyni zamanda, bu, bizim tarixi həqiqətlərimizi unutmamağımıza və işğal dövründə törədilmiş vandalizm aktlarının yaddaşımızda daim yaşadılmasına xidmət edir”.

Füzulidən seçilən deputat Vüqar Bayramov deyib ki, tarix heç zaman unudulmur:

Ölkə başçısı da çıxışlarında qeyd edib ki, Azərbaycan regionda sülhün və əməkdaşlığın formalaşmasında maraqlı olan dövlətdir. Amma bütün bunlarla yanaşı, son 30 ildə baş verənlər də unudulmur və bu, Azərbaycanın tarixinin bir hissəsidir. Sözsüz ki, bu kontekstdə Füzuli şəhərinin işğal olunması, eləcə də digər şəhərlərimizin, o cümlədən 30 ilə yaxın işğal altında qalan ərazilərimizin işğal tarixi və işğal müddətində həmin ərazilərin tamamilə dağıdılması faktı heç zaman unudulmayacaq”.

Vüqar Bayramov: "Azərbaycanda müstəqil fiskal institutun yaradılması vacibdir"

Deputat onu da qeyd edib ki, artıq yeni bir dövrdür:

“Biz Füzuli Şəhəri Gününü, eyni zamanda işğaldan azad edilmiş digər şəhərlərimizin azad olunma günlərini qeyd edirik. Ona görə də həm tariximizi, həm də torpaqlarımızın işğal altında qaldığı müddəti heç zaman unutmayacağıq. Bununla yanaşı, artıq qalib dövlət olaraq birmənalı şəkildə Zəfər Gününü qeyd edirik və bu zəfər günləri bundan sonra da daimi olaraq qeyd ediləcək. Amma bir daha qeyd etmək istərdim ki, bu, heç də tarixin unudulması anlamına gəlmir”.

Cəbrayıldan seçilən deputat Ceyhun Məmmədov isə hesab edir ki, bu yanaşmanın özü doğru deyil:

Deputat Ceyhun Məmmədov - Teleqraf

“Əgər torpaqlarımız hələ də işğal altında olsaydı, sizin fikrinizlə razılaşmaq olardı. Artıq biz torpaqlarımızı azad etmişik və işğal faktı aradan qalxıb. İşğal faktı aradan qalxdığına görə də biz işğal günlərini deyil, azad olunma günlərini qeyd edirik. Məsələn, oktyabrın 4-ü Cəbrayıl Şəhəri Günüdür və Cəbrayılın işğaldan azad edildiyi gündür. Ona görə hesab edirəm ki, bunu unutqanlıq kimi qələmə vermək düzgün deyil. Biz bu günləri də, həmin tarixi də unutmamalıyıq. Amma artıq işğal faktı aradan qalxdığına görə qələbəni, Zəfər Gününü və torpaqlarımızın azad olunma günlərini qeyd etməliyik”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: