ABŞ və İran arasında yenidən alovlanan gərginlik fonunda Körfəz regionunda yeni iddialar gündəmə gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Qeyd olunur ki, Bəhreyn və Küveyt İran ərazisində gizli hava əməliyyatları həyata keçirərək ölkənin hərbi obyektlərini, pilotsuz uçuş aparatları (PUA) anbarlarını və raket sistemlərini hədəfə alıb.
Qəzet məsələ ilə tanış mənbələrə istinadən bildirir ki, əməliyyatlarda döyüş təyyarələrindən istifadə edilib və zərbələr İranın hərbi infrastrukturuna yönəlib. Məlumata əsasən, nə Bəhreyn, nə də Küveyt hökuməti iddialarla bağlı rəsmi sorğulara cavab verib.
Qeyd edək ki, hər iki ölkənin ərazisində ABŞ hərbi bazaları yerləşir. Bundan əvvəl də Körfəz ölkələri İran mənşəli olduğu bildirilən raket və pilotsuz uçuş aparatlarına qarşı hava hücumundan müdafiə sistemlərini işə saldıqlarını açıqlamışdılar.
Hazırda isə sözügedən gizli hava əməliyyatları ilə bağlı rəsmi təsdiq yoxdur.
Tahir Turan
Globalinfo.az