rusiya ordusu

Ukraynada kişilərin müharibəyə cəlb olunmamaq üçün ölkədən qaçmağa çalışdığı, bu məqsədlə müxtəlif yollara əl atdığı bildirilir. Məlumata görə, hazırda hərbi xidmətə yararlı yaşda olan şəxslərin ölkədən çıxışına qadağa qoyulub və yalnız müəyyən istisna hallarda onların xaricə getməsinə icazə verilir.

Eyni zamanda, Rusiya ordusunda da canlı qüvvə çatışmazlığının yaşandığı, bəzi insanların evlərindən zorla çıxarılaraq məcburi şəkildə cəbhəyə göndərildiyi haqda xəbərlər yayılır. Hətta yaxın vaxtlarda rus ordusundan minlərlə insanın fərarilik edəcəyi ehtimal olunur.

Canlı qüvvə çatışmazlığı müharibənin gedişatına necə təsir göstərəcək? Bu vəziyyət tərəfləri döyüşləri dayandırmağa vadar edə bilərmi?

Globalinfo.az-a danışan politoloq Kazım Kazımov deyib ki, müharibə uzandıqca həm canlı qüvvə, həm də resurs çatışmazlığı məsələsi hər iki tərəfdə gündəmə gəlir:

“Bu müharibə müddətində Ukraynada da, Rusiyada da yüz minlərlə itkinin olduğu bildirilir. Lakin iki ölkə də qarşı tərəfin itkilərinin sayını şişirdir.

2022-ci ilin fevralında başlayan müharibə artıq üçüncü ilinə qədəm qoyur. Min kilometrlərlə uzanan cəbhə xəttində itkilərin çox olması təbiidir. Ukrayna ilə müqayisədə Rusiyanın həm canlı qüvvə, həm də texniki imkanları daha genişdir. Lakin Ukrayna da müəyyən potensiala malik ölkədir və Qərb tərəfindən güclü şəkildə dəstəklənir. Bu səbəbdən müharibəni üç ildir ki, davam etdirə bilir.

Fərarilik hallarının artması ilə bağlı Rusiya mediası tez-tez məlumatlar yayır. Hazırda Rusiya ilə üz-üzə dayanan yüz minlərlə Ukrayna əsgəri var və bu insanlar vətənlərini müdafiə edirlər”.

kazim kazimov yeni
Kazım Kazımov

Politoloq qeyd edib ki, müharibə artıq mənasız bir mərhələyə daxil olub:

“Birinci Dünya müharibəsi dövründə baş vermiş Somme döyüşünü xatırlayaq. O döyüş “istehkam müharibəsi” adlandırılırdı. Almaniya və Fransa aylarla bir qarış belə irəliləyə bilmirdi.

Bu gün Rusiya–Ukrayna müharibəsi də tədricən o tip istehkam müharibəsinə çevrilməkdədir. Hər iki tərəf böyük itkilər verir, amma strateji üstünlük əldə etmək mümkün olmur”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: