Hovsepyan ordumuzun yeni mövqelərinə baxıb bunları dedi – VİDEO

“Azərbaycanlılar təkcə Sünikin (Zəngəzurun – red.) Teq kəndi icmasının ərazisindən 60 hektara yaxın ərazini nəzarətə götürüblər. Bəzi ərazilərdə bir kilometr, bəzi ərazilərdə isə fərqli ölçüdə irəliləyiblər. Daha sonra traktorlar, müxtəlif texnikalar gətirib, plakatlar quraşdırıblar. Bölgəyə öz postlarını yerləşdirirlər”.

Globalinfo.az xəbər verir ki, bunu Teq icmasına daxil olan Aravus inzibati dairəsinin keçmiş rəhbəri Arqam Hovsepyan qeyd edib.

A.Hovsepyan 44 günlük müharibədən sonra Ermənistan dövlətinin Zəngəzurun sərhəd ərazilərində yaşayan əhalidən bütün silahları topladığını bildirib:

“Dünən Azərbaycan bölgədə irəliləyəndə, mövqeləri dəyişəndə, işlər görəndə onlara heç kim mane olmadı. Heç nə demirlər, qarşılarına çıxmırlar. Müharibədən sonra bizi tərk-silah etmişdilər, vətəndaşların bütün silahlarını topladılar. Amma biz özümüzü müdafiə edə bilmək üçün yavaş-yavaş silahlar alırıq. Türklərin mövqelərini ələ keçirəcəyik, silahlar əldə edəcəyik. 1990-cı illərdəki kimi addım atacağıq”.

Qeyd edək ki, martın 30-da Müdafiə Nazirliyi yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürüldüyünü açıqlayıb.

Ermənistan vətəndaşının bu açıqlaması sözügedən ölkədə hələ də revanşist meyillərin güclü olduğunu, gələcəkdə onların mövqelərimizə qarşı təxribatlar törətmək ehtimalını gündəmə gətirir. Rəsmi Bakı daha əvvəl dəfələrlə bəyan edib ki, sülh prosesinə sadiqdir və regionda vəziyyətin gərginləşməsi birbaşa Ermənistanın təxribatları nəticəsində baş verir.

Ayşən Mustafa
Globalinfo.az