Hərbi ekspert Səfərbərlik Xidmətindəki korrupsiya və rüşvətdən yazdı – qorxunc faktlar

 

“Bu gün Azərbaycanda çağırışçının hərbi xidmətdən müəyyən ödəniş qarşılığında hərbi xidmətdən yayındırılması və hərbi xidmət üçün konkret hərbi hissənin sifariş edilməsi ictimaiyyəti dərindən narahat edən problemlərdəndir. Valideyn, həkim və Səfərbərlik Xidmətinin əməkdaşının qarşılıqlı razılığı və anlaşmaları ilə həyata keçirilən bu fəaliyyətlər nəticəsində adətən ödəniş imkanı olan sağlam çağırışçılar barədə “dinc dövrdə həqiqi hərbi xidmətə yararsız”, müharibə dövründə “məhdud yararlı” qərarı verilir və çağırışçı hərbi xidmətdən yayındırılır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev deyib.

Ədalət Verdiyev

O bildirib ki, 35 yaşınadək hər 3 ildən bir təkrar tibbi baxışa cəlb edilərkən neqativ hal yenidən təkrarlanır:

“Bu korrupsiya məsələsi xaricdə tanınmayan ali təhsil müəssisəndə bəzən 10 il təhsil alan çağırışçılara da şamil olunur. Nəticədə sağlam çağırışçı xidmətdən yayınaraq evdə qalır, yararlı olmayan isə Kəlbəcər və Laçın dağlarında tarix yazaraq xidmət edirdi.

Yararsızların çoxluğu sonda ön xəttdə döyüş vəzifələrini yerinə yetirən hərbi hissələrin komplektləşmə faizini aşağı düşməsinə gətirib çıxarır və bu da döyüş hazırlığı səviyyəsinin saxlanılmasında komandirlərə problem yaradır.

Saxta müharibə əlillərinin təyin edilməsi ilə çağırışdan saxta yollarla yayınmaq arasında böyük fərq yoxdur. Əlilləri təkrar yoxlayırıqsa, əlilliyi ləğv edə biliriksə, o zaman çağırışdan saxta yollarla yayrılanları niyə təkrar yoxlamayaq?”

Zaira Akifqızı
Globalinfo.az