hecc 1

Bildiyimiz kimi, Həcc ziyarəti müsəlmanlara vacib buyurulub. Lakin ziyarət paketinin qiymətinin 5950 ABŞ dollar, yəni 10 115 manat olması kasıb təbəqənin Həccə getməsinə imkan vermir. Maraqlıdır ki, Həcc ziyarətinə getmək Qurban Bayramı zamanı nəzərdə tutulur.

Belə çıxır ki, digər aylarda ziyarətə gedilsə, ziyarət qəbul olmur?

Globalinfo.az-a danışan ilahiyyatçı Əkrəm Həsənov deyib ki, Həcc ibadəti İslamın beş şərtindən biridir və müəyyən vaxtda, müəyyən qaydalar çərçivəsində yerinə yetirilməlidir.

İlahiyyatçının sözlərinə görə, Həcc ziyarəti Hicri təqvimi ilə Zilhiccə ayının 8-13-cü günlərində icra edilir:

“Bu müddət ərzində Məkkədə olan müsəlmanlar müəyyən ibadətləri (Ərafat vakfəsi, Müzdəlifədə gecələmə, Mina çadırlarına getmək, şeytanı daşlamaq, qurban kəsmək və Kəbəni təvaf etmək) yerinə yetirməlidirlər. Başqa aylarda Məkkəyə gedib Kəbəni ziyarət etmək mümkündür,
lakin bu, ümrə sayılır. Ümrə vacib deyil, amma savab bir ibadətdir. Həcc isə yalnız Zilhiccə ayında edildikdə fərz olur.

ekrem hesenov ilahiyyatci
Əkrəm Həsənov

Yəni ilin başqa vaxtlarında Məkkəyə gedib ibadət etmək olar, ancaq bu, Həcc hesab olunmaz və fərz olan ibadətin yerinə yetirildiyi anlamına gəlməz”.

Ə.Həsənov deyib ki, Həcc yalnız müəyyən günlərdə edilən bir ibadətdir:

“Bu gün Həccə getmək üçün tələb olunan vəsait yüksəkdir. Lakin İslamda Həcc yalnız maddi imkanı və fiziki sağlamlığı yerində olan şəxslərə vacibdir. Əgər bir insanın maliyyə imkanı yoxdursa, ona Həcc fərz sayılmır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: