Gürcüstandakı zəlzələ Azərbaycanı yenə silkələdi – Bizi nə gözləyir?

8c3e6369038c1a531f6476b23f26f8bd

Bu gün səhər saatlarında Gürcüstanda baş verən 4,8 maqnitudalı zəlzələ Azərbaycanın sərhəd rayonlarında – Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub. Bu, əhali arasında ciddi narahatlıq yaradıb. Ölkədə dağıdıcı zəlzələ gözlənilirmi?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin sözlərinə görə, ölkəmizdə hər gün zəlzələ baş verir. O, yerdaxili proseslərin getdiyini bildirib:

“Bunlar arasında hiss ediləni və edilməyəni olur. Bu gün Gürcüstanda baş verən zəlzələyə gəldikdə, bizim özümüzdə saysız xırda təkanlar olub ki, onların heç biri hiss edilməyib. Sərhəd rayonlarda da hiss olunan zəlzələ Gürcüstanla əlaqəli məsələdir. Burada qorxulu bir şey yoxdur”.

Seysmoloqun dediklərinə görə, yaxın günlər ərzində güclü və dağıdıcı zəlzələdən söhbət gedə bilməz:

“Elə bir bölgəmiz yoxdur ki, orada anomal dəyişikliklər olsun və bu, güclü, dağıdıcı zəlzələnin baş verməsinə gətirib çıxarsın. Düzdür, hər günün öz hökmü var, amma aparılan tədqiqatlar onu göstərir ki, Azərbaycanda kotostrafik, dağıdıcı və güclü zəlzələ gözlənilmir. Əhali buna görə qəti narahat olmasın. Hər kəsə özünü istidən, günəşdən qorumağı tövsiyyə edirəm”.

Zaira Akifqızı
Globalinfo.az