Görkəmli müğənnimizin ölümü məsələsi böyüyür: onu kim qətlə yetirib? – Ailəsi danışdı

“Qardaşım, mərhum xanəndəmiz Səxavət Məmmədovun sui-qəsd nəticəsində ölməsi haqda deyilənlərdən məlumatsızam”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında görkəmli xanəndə S.Məmmədovun qardaşı Firuz Səxavət (Məmmədov) qardaşının sifarişlə öldürülməsi haqda dosent Zaur Əliyevin iddiasına münasibət bildirərkən deyib.

O əminliklə qeyd edib ki, qardaşı avtoqəza nəticəsində həlak olub:

“Səxavətin kimlə problemi ola bilərdi? O elə bir insan idi ki, heç kim ona nəsə etməzdi. Məndə onun qəsdən öldürülməsi ilə bağlı məlumat yoxdur. Hərə bir söz danışır, məqsəd nədir, bilinmir”.

Məsələ ilə bağlı saytımıza danışan deputat Aqil Abbas Səxavət Məmmədovla dost olduğunu xatırladıb:

“O vaxt elə bir söhbət yayılmışdı ki, kimlərsə qəzanı qəsdən törədiblər. Səxavət həmin ərəfədə Salyan rayonunda bir firma açmışdı. Onunla görüşəndə zarafatla dedim ki, firma sənin nəyinə lazımdır, Allah sənə gözəl səs verib, get, mahnını oxu da! Üstündən 3 gün keçdi, bu hadisə baş verdi”.

A.Abbas hadisənin dəqiq necə baş verməsindən xəbərsiz olduğunu deyib:

“Amma Zaur Əliyev boşuna söz deməz. Hər halda o vaxt da belə söhbətlər var idi. Səxavət qəzaya tək düşməmişdi, digər tanıdıqlarımızla birlikdə idi. Lakin “Kamaz” sürücüsünün xanəndənin ailəsinə zəng etməsindən xəbərim yoxdur”.

Qeyd edək ki, dosent, tanınmış alim Zaur Əliyev xanəndə S.Məmmədovun sifarişlə öldürülməsi haqda yazıb. Sözügedən yazını bu LİNK-dən oxuya bilərsiniz.

Zaira Akifqızı
Globalinfo.az