Finlandiya Rusiyaya qapılarını bağlayır

Finlandiya hökuməti Rusiya ilə sərhəddə daha dörd keçid məntəqəsinin bağlanması barədə qərar qəbul edib.

Globalinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Finlandiyanın Baş naziri Petteri Orpo məlumat verib.

O bildirib ki, Rusiyadan qanunsuz keçidləri dayandırmaq üçün cümə günü gecə yarısından etibarən Rusiya ilə 9 sərhəd qapısından 8-ni bağlayacaqlar.

Bildirilib ki, iki ölkə arasında yalnız bir keçid məntəqəsi – ən şimaldakı Raya-Yooseppi (Lappi əyalətinin İnari bələdiyyəsi) məntəqəsi fəaliyyət göstərəcək. Bu, həm də qaçqınların sığınacaq üçün müraciət edə biləcəyi yeganə məntəqə olacaq.

“Bu yaxınlarda Rusiya vasitəsilə Finlandiyaya 600-dən çox qeyri-qanuni mühacir gəlib. Həmçinin Rusiya ilə 1340 kilometr ümumi sərhədi olan Finlandiya qeyri-qanuni keçidləri dayandırmaq üçün noyabrın 18-də də 4 sərhəd qapısını bağlayıb”, – deyə Orpo bildirib.

Xatırladaq ki, noyabrın 18-də Finlandiya Rusiya ilə sərhəddə mövcud doqquz nəzarət-buraxılış məntəqəsindən dördünü bağlamışdı.