İsrail və Fələstin bayraqlarının mənaları – Britaniya kəşfiyyatının mesajı

Bayraq bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi simvolizə edən dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır.

Son günlər Yaxın Şərqdə alovlanan İsrail-HƏMAS müharibəsi İsrail və Fələstin bayraqlarını diqqət mərkəzinə gətirib.

Maraqlıdır, bu bayraqların sirri və daşıdığı mənalar hansılardır?

Globalinfo.az İsrail və Fələstin bayraqları ilə bağlı maraqlı məlumatları təqdim edir.

İsrail bayrağı – dünyanın ən çox tanınan bayraqlarındandır. Bayraq 1891-ci ildə yəhudi jurnalist, dramaturq, siyasi fəal, yazıçı Teodor Hertsl və dostları tərəfindən hazırlanıb. 28 oktyabr 1948-ci ildə İsrailin dövlət elan edilməsindən 5 ay sonra qəbul edilib.

Bayraq ağ səth üzərində iki üfüqi mavi lent arasında eyni mavi rəngdə bir Davud ulduzundan ibarətdir. Mavi rəng İsrail səmasının, ağ rəng isə dini idealların paklığının rəmzidir. Mənası, “Dinimizdən ayrılmayaq, Davudun ulduzu da bizi qorusun” deməkdir.

Lakin bayrağın ehtiva etdiyi və dünyada məşhur olan izahı belədir: iki mavi xətt Fərat və Nil çaylarını göstərir. Yəhudi inancına görə, Fərat və Nil çayları arasındakı torpaqlar Tanrı tərəfindən yəhudilərə vəd edilib.

Bayrağın mərkəzində təsvir olunmuş mavi rəngli altıguşəli ulduz isə “David ulduzu”, “Davidin qalxanı” və “Solomonun möhürü ” kimi tanınır.

İlk dəfə altıguşəli ulduzdan bayraqda 1354-cü ildə Praqadakı yəhudi icması iudaizm inancına sadiqlik əlaməti olaraq istifadə edib. Bununla belə “Davidin ulduzu” Karamanoğlu bəyliyi başda olmaqla bir çox Anadolu bəyliklərinin bayrağında, habelə məşhur türk dənizçisi Xeyrəddin Barbarosun bayrağında öz əksini tapıb.

Bu simvol həm də qədim tarixə malikdir. Simvolun ən diqqətçəkən məqamı isə sehrli gücün və iblisdən qorunmanın mənasını verməsidir. Xristianlıqdakı eqsarsizim ayinlərində (Cinçıxarma) simvoldan istifadə edilir. Yəhudilərin Kavala və İslam dininin Havas elmində də bu simvolun özünəməxsus mistik gücünün olduğuna inanılır.

Fələstin bayrağı – ilk dəfə 1916-cı ildə Osmanlı İmperatorluğuna qarşı başlayan ərəb üsyanının simvolu olaraq Məkkə Şərifi (Sonradan Hicaz kralı) Hüseyin ibn Əli əl-Haşimi tərəfindən hazırlanıb. Lakin bayrağın ümumi mənada Böyük Britaniya kəşfiyyatı tərəfindən hazırlandığı deyilir. Təsadüfi deyil ki, bayraq bu gün əksər ərəb ölkələrinin dövlət bayrağının əsas prototipi və ilham qaynağıdır. Qərbi Sahara, Sudan və İordaniya bayraqları bu bayrağa çox bənzəyir.

Hüseyin ibn Əli əl-Haşimi

Bayraq daha sonra ilk dəfə 1964-cü ildə Fələstin Azadlıq Təşkilatı tərəfindən Fələstin xalqının bayrağı elan edilib. Müstəqil Fələstinin bayrağı kimi 15 noyabr 1988-ci ildə qəbul olunub. 2015-ci il sentyabrın 30-dan isə bayraq Birləşmiş Millətlər Təşkilatının binası qarşısında asılır.

Bayraq üç bərabər ölçülü qara, ağ və yaşıl zolaqdan ibarətdir. Bu, soldan qırmızı ikitərəfli üçbucaqla tamamlanır və son nöqtəsi bayrağın üzərindədir. Bu rənglər həm də pan-ərəb rəngləri sayılır.

Bayrağın rəngləri ilə bağlı iki qəbul edilmiş yanaşma var:

Birincisi, ərəb üsyanının simvolu kimi bayrağın üzərindəki Qara zolaq Abbasi xilafətini, Ağ zolaq Əməvi Xilafətini, Yaşıl zolaq Fatimi Xilafətini qırmızı rəng isə Məkkə şərifi Hüseynin mənsub olduğu Haşimiləri təmsil edirdi.

İkincisi, qara zolaq Fələstin xalqının keçmiş əzab və mübarizəsini, ağ zolaq isə sülh və ümidi simvollaşdırır. Yaşıl zolaq Fələstinin münbit torpaqlarını və təbiətini göstərir. Bayrağın sol küncündəki qırmızı üçbucaq Fələstin xalqının qətiyyətini və müstəqillik arzusunu ifadə edir.

Turan Rzayev
Globalinfo.az