Fazil Mustafaya sui-qəsdin pərdəarxası – Politoloq ad çəkdi

“İran kəşfiyyat və ideoloji olaraq ölkəmizdə beşinci kolon formalaşdırıb. “Məzhəb” adı altında formalaşan bu qrup ölkəmizin müstəqilliyinə və təhlükəsizliyinə təhdiddir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, deputat Fazil Mustafaya qarşı sui-qəsd Tehranda səfirliyimizə təşkil edilən terror hücumunun davamıdır:

“Ölkə daxilində kifayət qədər güclü İran şəbəkəsi formalaşıb. Əksər yerlərdə İranın təsir dairəsində olan şəxslər var. Bunun səbəbi İranın ölkəmizdə mədəniyyət mərkəzinin rəhbəri maskasında Ocaq Necatın fəaliyyəti və bir çox ibadət yerlərində İranın ideoloji kəşfiyyat şəbəkəsinə bağlı şəxslərin qalmasıdır. Bu isə təhlükənin davam etdiyini göstərir.

İran dindən istifadə edərək ölkəmizə və xalqımıza qarşı terror siyasəti həyata keçirir. Bütün vətəndaşlarımız bilməlidir ki, İran rejimi dini rejim deyil, bu dindən istifadə edən terrorçu rejimdir”.

Turan Rzayev
Globalinfo.az