televiziya 1

Tehran “İmam Mehdinin çörəyi”ni yeyən tələbələrindən dəstək istəyir

İran dövlət səviyyəsində Azərbaycan əleyhinə fəaliyyətini davam etdirir. Bu ölkənin “Səhər” kanalının ölkəmiz haqda şər-böhtan kampaniyası hər ötən gün daha da artır.

Azərbaycan dilində yayımlanan telekanal İranın ərazisində yaşayan azərbaycanlıların ana dilində televiziyasının olduğu görüntüsü yaratsa da, məqsəd məhz antiazərbaycan təbliğatı aparmaqdır. Son vaxtlar isə “Səhər” televiziyası bütün hədləri aşaraq, Azərbaycan Respublikasına qarşı açıq düşmənçilik xəttinə start verib.

Kanal demək olar ki, hər gün Azərbaycan Respublikası, onun rəhbərliyi əleyhinə böhtan dolu verilişlər yayımlayır, müzakirələr açır, ölkəmizdə separatizm meyllərini qızışdırmağa hesablanan proqramlar verir.

 

1665327241 895 1

Mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Asif Nərimanlı deyib ki, molla rejimi faktiki olaraq  İranda təhsil alan tələbələrə potensial təsir agenti kimi baxır: “Bunu təsdiqləyən digər fakt da “Səhər” kanalında yayımlanan bir verilişdə səslənən fikirlərdir. “Səhər”in verilişində qeyd olunur ki, İran 30 il vaxt itirdi, mövqeləri zəiflədi və Azərbaycanda potensial şiə hərəkatı boşa çıxdı. Hazırda İranın ölkəmizə qarşı fəaliyyətinə tutarlı, savadlı cavab verəcək adamlara ehtiyacımız var”.

Ekspertin sözlərinə görə, Azərbaycan dövləti dini təhsil məsələsinə daha da həssas yanaşmalıdır: “İran Azərbaycandakı dindarları öz tərəfdarı kimi təqdim edir, lakin dindar olmaq “İran casusu” olmaq demək deyil. Molla rejimi bilərəkdən bütün inanclı azərbaycanlılar haqda şübhə toxumu səpir, onları hədəfə çıxarır”.

Asif Nərimanlı bildirdi ki, inanclı kəsim Tehran rejiminin ölkəmiz əleyhinə olan fəaliyyətinə mövqe bildirməlidir. Onun fikrincə, inanclılar başqa ölkənin onlardan siyasi alət kimi istifadə cəhdinə imkan verməməlidir.

A.Nərimanlının sözlərinə görə, mollalar Cənubi Azərbaycandakı soydaşlarımızı Bakıya qarşı qaldırmaq, dini kimliyin milli kimliyin önünə keçməsinə nail olmaq istəyirlər: “Burada əsas diqqətçəkən məqam Rusiyadakı azərbaycanlılardan dəstək istəmələridir. İranın Azərbaycanla yanaşı, Rusiya və Gürcüstandakı soydaşlarımızı da öz təsirinə salmaq istiqamətində çalışdığı, müəyyən nəticələr əldə etdiyi də bəllidir”.

Ekspertin sözlərinə görə, İranın hazırda ən böyük hədəfi Azərbaycanın dindar kəsimini “İranın müdafiəsi” məqsədilə hərəkətə keçirməkdir.

131bd62202 hh 1

Politoloq Samir Hümbətovun sözlərinə görə, İran “Səhər” kanalı vasitəsilə Azərbaycana qarşı faktiki olaraq ideoloji müharibə aparır:

“Ümumiyyətlə, “Səhər” kanalı uzun illərdir Azərbaycan əleyhinə proqramlar yayımlayır. Bu gün isə bu proses daha radikal, daha sərt fonda aparılır. Kanalın Azərbaycan dilində verilişlər yayımlaması isə ideoloji müharibənin dərinləşməsindən xəbər verir.

Hesab edirəm, indiki vəziyyətdə rəsmi Bakı İrana qarşı ideoloji kontur arqumentlər yaratmalı və effektiv cavablar verməlidir. Düzdür, başda Az.Tv olmaqla, əksər dövlət və özəl televiziya kanalları İrana tutarlı cavablar verir, lakin bu, kifayət deyil.

Bu gün eynilə “Səhər” kanalı kimi, amma fars dilində yayımlanacaq və İran həqiqətlərini əks etdirəcək televiziya kanalına ehtiyac var. Kanalın əsas hədəf auditoriyası isə həm cənublu soydaşlarımız, həm də İranın digər əhalisi olmalıdır. Cənubi azərbaycanlı siyasətçilərdən, mühacirlərdən vaxtaşırı müsahibələr, açıqlamalar alınmalı, beləcə “Səhər” kanalının ideolonik təzyiqlərini bloklamaqla yanaşı, İrana adekvat cavab da verməliyik”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: