Tayvanda tanınmış kino və serial aktyoru Van Kay (Wang Kai) müəmmalı şəraitdə vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.
Belə ki, 43 yaşlı aktyorun qonşuları iyulun 26-da, bazar günü narahat olmağa başlayıblar.
Onlar görüblər ki, aktyorun yaşadığı mansard mənzildə səhərdən televizor yüksək səslə işləyir.
Eyni zamanda, səhər tezdən kuryerin qapının önünə qoyduğu yemək günorta saatlarınadək götürülməyib.
Saat 13:00 radələrində hadisə yerinə gələn yanğınsöndürənlər və polis əməkdaşları mənzilin qapısını açaraq Van Kayı yerdə hərəkətsiz vəziyyətdə tapıblar.
Həkimlər onun həyatını xilas edə bilməyiblər.
İlkin araşdırma zamanı mənzilin qapısında sındırılma izləri, aktyorun bədənində isə zorakılıq və ya xəsarət əlamətləri aşkarlanmayıb.
Ölümün səbəbi hazırda ekspertlər tərəfindən araşdırılır.
Qeyd edək ki, Van Kay Tayvanda ən sevilən aktyorlardan biri hesab olunurdu. O, aktyorluq karyerasına 16 yaşında başlayıb və çoxsaylı məşhur film və seriallarda rol alıb. Son dövrlərdə isə ölkənin ən böyük kabel televiziya kanalı SET Taiwan-da hər gün yayımlanan “Həyatın yüz dadı” (“Bittersweet Destiny”/”One Hundred Flavors of Life”) serialında əsas obrazlardan birini canlandırırdı.
Əliyar Xəlil
Globalinfo.az