2027-ci ildən etibarən heyvanların daşınması qaydalarında mühüm dəyişikliklər tətbiq olunacaq. Yeni tələblərə əsasən, satışa çıxarılacaq və ölkəyə idxal edilən heyvanlar yalnız xüsusi ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşına biləcək. Qərarın əsas məqsədi heyvanların rifahını və daşınma zamanı təhlükəsizliyini təmin etməkdir. Lakin sahibkarlar bunun əlavə xərclərə səbəb olacağını və nəticədə ətin qiymətinə təsir göstərə biləcəyini bildirirlər.
Bəs “ixtisaslaşdırılmış nəqliyyat vasitəsi” dedikdə nə nəzərdə tutulur? Bu avtomobillər hansı standartlara cavab verməlidir?
Yeni qaydaların tətbiqi sahibkarların xərclərinə və ət bazarındakı qiymətlərə necə təsir göstərəcək?
Globalinfo.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli bildirib ki, heyvanların daşınması ilə bağlı beynəlxalq standartlar və müəyyən tələblər mövcuddur:
“Azərbaycana son 10-15 il ərzində xüsusilə Avropa ölkələrindən gətirilən damazlıq heyvanların daşınmasına həmin heyvanları satan şirkətlər və ixracatçı ölkələr ciddi nəzarət edirlər. Hətta bir müddət əvvəl Azərbaycanın bu sahədə tətbiq etdiyi daşınma standartları ilə bağlı müəyyən problemlər də yaşanmışdı. Standartlara tam cavab verilmədiyi üçün damazlıq heyvanların ölkəyə gətirilməsi və satışı prosesində müəyyən çətinliklər yaranmışdı. Buna görə hesab edirəm ki, qanunvericiliyə təklif olunan dəyişikliklər beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərlə bağlıdır və Azərbaycan da bu tələbləri tətbiq etməlidir”.
Cəfər İbrahimli
Ekspert qeyd edib ki, hazırda ölkəyə gətirilən damazlıq heyvanlar beynəlxalq standartlara cavab verən xüsusi nəqliyyat vasitələri ilə daşınır:
“Düşünürəm ki, yeni tələblər əsasən kəsim üçün və digər məqsədlərlə idxal olunan diri heyvanların daşınmasını da əhatə edəcək. Yəni bu heyvanların daşındığı nəqliyyat vasitələri də müəyyən texniki və sanitariya standartlarına cavab verməlidir. Azərbaycana diri heyvanlar əsasən avtomobil nəqliyyatı ilə, beynəlxalq avtomobil yolları vasitəsilə gətirilir və bunun özünəməxsus daşınma xərcləri var. Əgər ixtisaslaşdırılmış nəqliyyat vasitələrindən istifadə məcburi olarsa, təbii ki, daşınma xərclərində müəyyən artım ola bilər. Lakin hesab etmirəm ki, bu artım daxili bazarda ətin qiymətinə ciddi təsir göstərəcək. Məncə, qiymət fərqi böyük olmayacaq və nəticə etibarilə istehlak bazarında ətin əhəmiyyətli dərəcədə bahalaşmasına səbəb olmayacaq”.
Zaira Akifqızı
Globalinfo.az
