Ermənistanın Azərbaycana qarşı 1990-cı illərin əvvəllərindən başlatdığı hərbi təcavüz və bunun ardınca baş verən müharibələr Cənubi Qafqazın siyasi mənzərəsinə ciddi təsir göstərib.
Bəs bu qarşıdurmanın tarixi və siyasi köklərinə necə yanaşmaq lazımdır?
Globalinfo.az-a danışan tarixçi Faiq Ələkbərli deyib ki, burada məsələyə iki yöndən yanaşmaq olar:
“Bir tərəfdən, tarixən bu ərazilərdə müxtəlif dövlətlər və imperiyalar qurmuş Azərbaycan xalqının dövlətçilik ənənəsi var. Digər tərəfdə isə, tarixən mövcud olmuş müxtəlif dövlətləri öz milli tarixinin əsasına çevirmək cəhdləri olan ermənilər var. Ancaq burada əsas məqam odur ki, Azərbaycan xalqının bu coğrafiyada dövlətçilik ənənəsi kifayət qədər geniş və ardıcıldır. Manna və Midiya, Qafqaz Albaniyası, Xəzərlər, Səlcuqlar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar və digər dövlətlər bu coğrafiyanın tarixində mühüm rol oynayıblar. Azərbaycan Respublikası da 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənəsinin davamdır. Bu baxımdan, 1990-cı illərin əvvəllərindən başlayan münaqişəni yalnız iki suveren dövlət arasındakı qarşıdurma kimi qiymətləndirmək müəyyən qədər mübahisəlidir. Çünki 28 may 1918-ci ildə yaradılmış Ermənistanın Birinci Respublikasının (bəzi mənbələrdə “Ararat Respublikası” adlandırılır) bu ərazidə ənənəsi yox idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin bu coğrafiyada çox dərin dövlətçilik ənənəsi mövcud idi. Bu, çox ciddi məqamdır. Azərbaycan xalqı öz dövlətçilik iddiasını mövcud olmuş siyasi və tarixi ənənələrə əsaslandırırdı. Regiondakı digər xalqlar, o cümlədən ermənilər və gürcülər isə müxtəlif dövrlərdə fərqli dövlətlərin tərkibində yaşayıblar. Xüsusilə Çar Rusiyasının Cənubi Qafqazı işğalına qədər bölgədə yaşayan müxtəlif etnik qrupların böyük hissəsi regionda mövcud olmuş müxtəlif türk-müsəlman dövlətlərinin tərkibində idi”.
Faiq Ələkbərli
Faiq Ələkbərli qeyd edib ki, bu türk dövlətlərində əsas aparıcı qüvvələrdən biri Azərbaycan türkləri olub:
“Səfəvilər, Afşarlar, Ağqoyunlular, Qaraqoyunlular, hətta Qacarlar dövründə də bunu görmək mümkündür. Lakin Qacarlar dövründə bu ərazilərin hamısını əhatə etmək mümkün olmayıb. Məhz bundan sonra, ermənilər müxtəlif beynəlxalq qüvvələrin, o cümlədən Qərb dövlətlərinin və Rusiyanın təsiri ilə münaqişəyə qoşularaq ərazilərini genişləndirməyə çalışıblar və müəyyən mərhələdə buna nail olublar. Lakin bu vəziyyətin davamlı olmadığı sonrakı hadisələr fonunda ortaya çıxıb.
Bu yanaşmaya əsasən, söhbət təkcə Qarabağdan deyil, İrəvan da daxil olmaqla daha geniş bir coğrafiyadan gedir. İrəvanın və ümumilikdə indiki Ermənistan ərazisinin tarixi demoqrafik və siyasi mənzərəsi ilə bağlı müxtəlif baxışlar mövcuddur. Bu ərazilərdə müxtəlif dövrlərdə ermənilər, kürdlər və digər xalqlar da yaşayıblar. Bununla yanaşı, həmin dövrlərdə bölgənin müxtəlif türk dövlətlərinin tərkibində olduğu və ayrı-ayrı icmaların həmin dövlətlərin siyasi sistemi daxilində yaşayıblar.
Ermənilərlə bağlı da qeyd etdiyimiz kimi, onların bir hissəsinin vaxtilə xristianlığı qəbul etmiş türk tayfaları ilə əlaqəsi olub. Bu mövqeyə görə, XIX əsrin əvvəllərində Çar Rusiyasının bölgəni işğal etməsindən sonra Hindistan, Əfqanıstan, Liviya, Suriya və digər ərazilərdən bölgəyə haylar gəldilər. Onlar sonrakı dövrdə yerli xristian əhali ilə assimilyasiyaya girərək bölgədə “Ararat Respublikası”-nı, Ermənistanı yaratdılar.
Ona görə də bu məsələlərə daha geniş və hərtərəfli yanaşmaq lazımdır. Əgər söhbət iki suveren dövlətdən gedirsə, bu yanaşmaya görə, həmin dövlətlərin tarixi və dövlətçilik ənənələri də ayrıca nəzərdən keçirilməlidir. Bu baxımdan, Ermənistanın hazırkı hakimiyyətinin əsas məqsədlərindən biri mövcud ərazi sərhədlərini qorumaqdır”.
Safura Bənnayeva
Globalinfo.az