Bakı ilə İrəvan arasında gözlənilən razılaşma – Bərdə-Ağdam yolu…

Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə keçirdiyi üçtərəfli görüş zamanı müzakirə edilən mövzulardan biri də humanitar yüklərin marşrutunun Laçın yolundan Bərdə-Ağdam marşrutuna doğru dəyişməsidir.

Prezident İlham Əliyevin bu təklifi Ermənistanda bəzi dairələrdə ciddi təlaş yaradıb.

Maraqlıdır, bu marşrut açılsa, nə baş verəcək? Hansı məqam erməniləri təlaşa salıb?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Azad Demokratlar Partiyasının sədri (AzDP), təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər deyib ki, humanitar yüklərin marşrutu Laçın yolundan Bərdə-Ağdam marşrutuna doğru dəyişərsə, bu, reinteqrasiya prosesin sürətlənməsinə gətirib çıxaracaq:

“Azərbaycanın Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının ehtiyaclarını bu yolla ödəməsi prosesin praktiki olaraq icrası deməkdir. Buna görə də həm separatçılar, həm Ermənistandakı qüvvələr, həm də onların havadarı olan Rusiya, Fransa prosesdən narahatdır.

Sülhəddin Əkbər

Nikol Paşinyan faktiki olaraq Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan edib. Azərbaycanın Qarabağ ermənilərin təminatını gerçəkləşdirməsi praktiki olaraq reinteqrasiya prosesinin başlanması deməkdir”.

Millət vəkili iqtisadçı ekspert Vüqar Bayramov isə bildirib ki, sülh danışıqlarında bu, yeni bir yanaşmadır:

“Çünki əvvəlki müzakirələrdə daha çox Laçın yolu vasitəsilə Qarabağda yaşayan ermənilərə humanitar yardımların daşınması müzakirə edilirdi.

Artıq belə bir təklifin verilməsi onu deməyə əsas verir ki, birmənalı şəkildə Qarabağ Azərbaycan ərazisi olaraq qəbul olunur və dəstəklənir. Bu, Qarabağın reinteqrasiyası baxımdan vacibdir. Bunun reallaşması Azərbaycan ilə Ermənistan arasında sülhün əldə edilməsində irəliləyə atılmış ciddi addım olacaq.

Vüqar Bayramov

Bu həm də Azərbaycanın digər ərazisindəki ermənilərə kommunikasiyaların açılması deməkdir.

Artıq bu prosesdən narahat olan qüvvələr də var. Rusiya başda olmaqla bir çox dövlət qısqanclıq nümayiş etdirir, qərəzli bəyanatlar verir. Lakin onu demək olar ki, Cənubi Qafqaz sülhə çox yaxındır. Buna heç kəs mane ola bilməz”.

Turan Rzayev
Globalinfo.az