Laçın nəzarətimizə keçdikdən sonra bu fakt üzə çıxdı – FOTO

 

2022-ci ilin avqustunda Azərbaycan Laçın şəhəri, Zabux və Sus kəndlərinə tam nəzarəti bərpa etdi. Həmin ərazilərdə 2021-ci ildə Ermənistanda istehsal olunmuş və Laçın yolu vasitəsilə gətirilmiş yeni minalar aşkarlandı.

Globalinfo.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ilk dəfə olaraq 2022-ci ilin sentyabrında məhkəməyə müraciət edilib və bu ilin yanvarında 4-də vəsatət qaldırılıb.

“Məhkəmədən istədiyimiz mina təhlükəsinin təhdid olaraq qalmasına dair qərar verməsidir. Bu, davam edən təhdid olduğuna görə, hesab edirik ki, məhkəmə təcili qərar çıxarmalıdır. Eyni zamanda, məhkəmə dinləmələri zamanı maraqlı məqamlar ortaya çıxdı. Belə ki, Ermənistan xüsusən yeni minalarla bağlı ortaya qoyulan faktların heç birini təkzib edə bilmədi. Biz hətta bununla bağlı “Haykmek” adlı şirkətin adını təqdim etdik. Bu şirkət Ermənistan hökuməti tərəfindən verilmiş lisenziya əsasında mina istehsalı ilə məşğul olur. Qeyd edim ki, bundan öncə Ermənistan beynəlxalq təşkilatlarda verdiyi bəyanatlarda mina istehsal etmədiyini bildirirdi. Lakin Azərbaycan tərəfinin ortaya qoyduğu dəlillər bunu tam təkzib edib və dinləmələr zamanı qarşı tərəf faktiki olaraq bunu qəbul edib. İkinci mövqeyimiz minaların Azərbaycan ərazisinə necə gətirilməsi ilə bağlı idi. Təbii ki, Laçın yolu vasitəsi ilə gətirilmişdi. Bununla bağlı da Ermənistan tərəfindən məhkəməyə hansısa təkzib verilə bilməyib. Bu da o deməkdir ki, faktiki olaraq Ermənistan üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərini pozub. Üçüncü məqam eyni zamanda, minaların həmin ərazilərdə basdırılması ilə yanaşı, Sus və Zabux kəndlərindəki bir çox evlərdə, hansı ki, əvvəllər azərbaycanlılara məxsus olub, oralarda mina tələlərinin aşkar edilməsidir. Onların şəkilləri məhkəmədə nümayiş etdirilib. Aydın məsələdir ki, orada əvvəllər qanunsuz yaşamış adi mülki şəxslər bu mina tələlərini qura bilməzdi. Çünki bu, xüsusi hərbi bilik, səriştə tələb edən işdir. Təbii ki, bunlar erməni əsgərləri tərəfindən qurulub. Bu da ondan xəbər verir ki, bu mina tələlərinin məqsədi mülki şəxslərin həmin evlərə qayıtmasına mane olmaqdır.

Məhkəmənin vəsatətimizlə bağlı qərarı ondan ibarət oldu ki, qısa müddətdə təqdim olunan sübutlar tam təfsilatı ilə qiymətləndirilə bilmir. Bu faktlara mahiyyəti üzrə baxıldıqdan sonra qiymət veriləcək. Növbəti illər ərzində bu məsələ gündəmdə olacaq. Qeyd edim ki, məhkəmə 2021-ci ilin dekabrında da eyni mövqedən çıxış etmişdi. Mina mövzusunda Beynəlxalq Ədalət Məhkəməsi sanki məsələdən bir az ehtiyatlanır. Biz mina mövzusunu bütün platformalarda qaldırmağa davam edəcəyik”, – nazir müavini vurğulayıb.