Ermənistan hazırlaşır: bu tarixə qədər toqquşma ola bilər – Gerçək PLAN

Ermənistanın sürətlə silahlanması, təlimlər keçirməsi, sərhədə zirehli texnika, qoşun bölmələri yığması son günlər regionda gərginliyi artırıb. Azərbaycan sülh müqaviləsi imzalamaq istəyir, amma istənilən növ revanşizmə adekvat cavab verəcəyini bəyan edib.

Maraqlıdır, regionu hansı proseslər gözləyir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev deyib ki, Ermənistan həm 5 aprel görüşünə qədər, həm də bundan sonrakı mərhələdə şərti sərhəddə maksimum gərginlik yaradır:

“Bu, böyük planın kiçik hissəsidir. Rəsmi İrəvan çalışır ki, şərti sərhəddə atəşkəsin pozulması, hərbi, texniki yerdəyişmənin həyata keçirilməsi və yeni müdafiə istehkamlarının qurulması istiqamətində atdığı addımlara Azərbaycan adekvat cavab versin və gərginlik yaransın”.

Hərbi ekspertin fikrincə, Brüssel görüşü zamanı iqtisadi asılılıq və təhlükəsizlik zəmanəti alması Ermənistanı cəsarətləndirib:

“Azərbaycana qarşı Avropa İttifaqı və ABŞ-ı gətirməklə bağlı planları var. Rəsmi Bakıya sanksiyaların tətbiq olunması Ermənistanın maraqlarına uyğundur. Bunun üçün Azərbaycanı hər hansı əməliyyat keçirməyə təhrik edirlər. Bir sözlə, sahədə nail ola bilməyəcəkləri arzuları siyasi institutlarda reallaşdırmağa cəhd edirlər”.

E.Şıxəliyev qeyd edir ki, Ermənistan böyük planın kiçik hissəsinin dozasını artırmağa başlayacaq:

“COP29-a (noyabr ayına) qədər Ermənistanın havadarlarının onu daha çox aqressivləşdirəcəyi gözlənilir. Paralel olaraq şərti sərhəddə təxribatların baş verməsi də mümkündür”.

Safura Bənnayeva
Globalinfo.az