Ermənistan bu kəndləri boşaldır – “Digər ərazilər geri qaytarılmasa…”

Ermənistan və Azərbaycan arasında sülh danışıqları ilə yanaşı müharibə ritorikası da artır. Belə ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Tavuş sakinləri ilə görüşündə “4 kənd Azərbaycana verilməlidir, yoxsa, müharibə olacaq” deməsi Ermənistanda birmənalı qarşılanmayıb.

Hazırda gündəmdə sülh sazişinin imzalanması haqda müzakirələr gedir. Paralel olaraq müharibə ritorikası da artan xətt üzrə gedir.

Yeni müharibə riski varmı?

Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, Nikol Paşinyan 2021-ci ildə Tavuş rayonun sakinləri ilə görüşündə ona səs verildiyi halda böyük planlar həyata keçirəcəyini vəd edirdi:

“Üstündən 3 il keçdikdən sonra eyni ərazidə eyni əhali ilə görüşən Ermənistan Baş naziri sakinləri müharibə ilə qorxutdu. Halbuki 2020-ci ildə Nikol Paşinyanın imzası olan birgə bəyanatda açıq şəkildə Ermənistanın Azərbaycan ərazilərindən silahlı birləşmələrini çıxartmaq bəndi qeyd olunmuşdu. Vaxtında öhdəliklərini yerinə yetirməyən İrəvan indi öz fəaliyyətsizliyi ucbatından ağır və kifayət qədər sarsıdıcı zərbələr alır.

Bu zərbələrin daha çox endirilməsi üçün Ermənistan əlindən gələni edir. Kəlbəcər, Ağdam və Laçından erməni silahlılarının müharibədən dərhal sonra çıxarılması erməni ictimaiyyətində o qədər də böyük problem yaratmadı. Lakin digər ərazilərdən, o cümlədən Qarabağdan və Qazaxın kəndlərindən həmin vaxt erməni silahlılarının çıxarılmaması Ermənistan ictimaiyyətində “ermənilərin həmin ərazidən çıxmayacaqları” illüziyasını yaratdı. İndi Nikol Paşinyan yaxşı anlayır ki, Azərbaycana aid əraziləri geri qaytarmasa, rəsmi Bakı tərəfindən təmkinlə qarşılanmayacaq. Bəlkə də növbəti toqquşmaya da səbəb olacaq”.

Hərbi ekspertin fikrincə, Azərbaycan eskalasiya tərəfdarı deyil:

“Əgər belə fikrimiz olsa idi qələbə əldə etdiyimiz 3 ildən artıq müddətdə bunu rahatlıqla həyata keçirə bilərdik. Ermənistanın buna qarşı müqavimət göstərmək potensialı yoxdur. Amma rəsmi İrəvan yenə də müxtəlif bəhanələrlə prosesi uzatmağa cəhd edərsə, Azərbaycan çox qısa müddətdə, böyük müqavimətə rast gəlmədən işğal altındakı 8 kəndi öz nəzarətinə götürə bilər. Ermənistan yaxşı olardı ki, yaxın həftələrdə heç olmaya 4 kəndi geri qaytarsın. Bu gün erməni mediasında artıq 2 kəndin Azərbaycana qaytarılması ilə bağlı təsdiqlənməyən məlumatlar yayılır. Hər bir halda məqsədimiz 8 kəndin geri qaytarılmasıdır”.

Safura Bənnayeva
Globalinfo.az