Baş nazir Nikol Paşinyan seçkilərdə iştirak edən sabiq prezident Robert Köçəryan, iş adamları Samvel Karapetyan və Qaqik Tsarukyanın Ermənistanla Azərbaycan arasında formalaşmış sülhün yenidən nəzərdən keçirilməsini istədiklərini bildirib.
Globalinfo.az xəbər verir ki, Paşinyan sosial şəbəkələrdə etdiyi müraciətdə vurğulayıb:
“Bu qüvvələr mövcud sülhün dəyişdirilməsi xəttini müdafiə edir və həmin yanaşma müharibəyə qapı açmaq deməkdir”.
Baş nazirin sözlərinə görə, həmin siyasi qüvvələr son günlər “sülhə məcburetmə” anlayışını, o cümlədən güc tətbiqi ehtimalını gündəmə gətirirlər ki, bu da qaçılmaz olaraq yeni qarşıdurma riskini artırır.
Paşinyan vurğulayıb ki, əldə olunmuş sülhün kənara qoyulması regionda müharibə üçün zəmin yarada bilər və bu mövqedə çıxış edən siyasi qüvvələr Ermənistanın təhlükəsizliyi üçün təhdid formalaşdırır.
Baş nazir əlavə edib ki, bəzi qüvvələrin regionda sülhməramlıların yerləşdirilməsi ideyasını gündəmə gətirməsi əvvəlki təcrübədə gözlənilən nəticəni verməyib və eyni səhvlərin təkrarlanması yolverilməzdir.
Onun sözlərinə görə, sülh razılaşmasının yenidən nəzərdən keçirilməsi əldə olunmuş balansın pozulmasına və mövcud razılaşma çərçivəsinin dağılmasına gətirib çıxara bilər.
Əliyar Xəlil